Bakı. Trend:
Əməkdaşlıq Bəyannaməsi (DoC), daha çox OPEC+ kimi tanınan format tarazlaşdırılmış və sabit neft bazarına nail olmaq istiqamətində tam şəkildə fokuslanmaqda davam edir.
Bunu təşkilatın baş katibi Heysəm Əl Qeys Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“OPEC+ bazarın sabitliyini təmin etmək üçün sənaye sahəsinin bütün iştirakçılarının – istehsalçılar, istehlakçılar, investorlar və bütövlükdə qlobal iqtisadiyyatın maraqları naminə səylər göstərir. İştirakçı ölkələr tərəfindən həyata keçirilən könüllü hasilat düzəlişləri öz effektivliyini sübut edib. Xüsusilə OPEC+ səyləri nəticəsində 2024-cü ildə neft ən az dəyişkənliyə məruz qalan xammal məhsulu olub”, – deyə Əl Qeys bildirib.
Onun sözlərinə görə, doqquz illik fəaliyyəti ərzində DoC formatı bazardakı qeyri-sabitliklərin – COVID-19 pandemiyasının yaratdığı böhrandan tutmuş müxtəlif mərhələlərdəki qlobal iqtisadi qeyri-müəyyənliklərə qədər – aradan qaldırılmasında effektiv mexanizm kimi özünü təsdiqləyib.
“Əldə olunmuş nəticələri və iştirakçı ölkələr arasında olan möhkəm birlik və əlaqələndirmə ruhunu nəzərə alsaq, OPEC+ dünya neft bazarını sabitləşdirməyi davam etdirmək üçün bütün imkanlara malikdir. Bu, qlobal enerji məkanının müasir strukturunun vacib elementidir”, - deyə o bildirib.