Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu 2025-2030-cu illər ərzində Azərbaycanda neft hasilatının sabit səviyyədə qalacağını gözləyir.
Trend xəbər verir ki, BVF-nin apreldə çıxan proqnozlarına əsasən, ölkədə neft hasilatı 2025 və 2026-cı illərdə günə 0,6 milyon barel təşkil edəcək. 2030-cu ilə qədər isə bu göstərici günə 0,6 milyon barelə qədər azalacaq.
Qeyd edək ki, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkədə neft və kondensat hasilatı 29,1 milyon ton təşkil edib.
"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının payına 16,8 milyon ton, "Şahdəniz"in payına 4,2 milyon ton, "Abşeron"un payına isə 0,6 milyon ton düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən isə 7,5 milyon ton həcmində hasilat təmin edilib.
Bundan əlavə, 2024-cü ildə Azərbaycanda 50,3 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 2 milyard kubmetr çoxdur. Bu həcmin 13,3 milyard kubmetri AÇG, 27,8 milyard kubmetri "Şahdəniz", 1,5 milyard kubmetri "Abşeron", 7,7 milyard kubmetri isə SOCAR tərəfindən həyata keçirilən hasilatın payına düşür.