Anshad Petrol Birgə Müəssisəsi (BM) və "Gobustan Operating Company" 2006-cı ilin yanvar-iyul aylarında ARDNŞ-ə 15,77 mln. kubmetr sərbəst qaz satıb. Bu 2005-ci ilin analoji dövründən 0,3 mln. kubmetr çoxdur. Bu barədə Trend ə Dövlət Neft Şirkətindən xəbər veriblər. ARDNŞ-in məlumatına görə, iyul ayında şirkətlər 1,32 mln. kubmetr qaz satıb.
Anshad Petrol "Neftçala", "Xıllı" və "Babazanan" müqavilə sahələrində qaz hasil edir. BM sərbəst qazın ilk satışlarına 2004-cü ilin aprel ayında başlayıb və 2 mln. kubmetr həcmində qaz satıb. ARDNŞ Anshad Petrol-dan 65 min AZM qiymətinə (təxminən $13/1 min kubmetr) qaz alır və "Azəriqaz" QSC-yə verir. O isə, öz növbəsində, yanacağı "Aztransqaz" İB vasitəsilə paylayır. GOC ARDNŞ-ə $1.29/1 mln. BTU ($1.29/1 mln. BTU- təxminən $46/1 min kubmetr) qiymətində qaz satır.
Gobustan Operating Company (GOC) ARDNŞ ilə bağlanmış PSA üzrə "Cənub-Qərbi Qobustan" blokunun işlənməsi ilə məşğul olur. Bu şirkət bu ilin fevral ayından sərbəst qazın satışına başalyıb. GOC-da 80% iştirak payı Commonwealth Gobustan Limited şirkətinə, 20% isə ARDNŞ-ə məxsusdur. Commonwealth Gobustan Limited şirkətinlz 31,17% Arawak Energy şirkətinə, 62,83% isə China National Petroleum Company-yə məxsusdur.
Anshad Petrol BM 1993-cü ildə keçmiş "Neftçalaneft" NQÇİ əsasında ARDNŞ və Türkiyənin Atilla Dogan Petrol şirkəti tərəfindən yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol BM-in operatoru Atilla Dogan Petrol olub, lakin 1997-ci ildən etibarən ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995-ci ildə Malayziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrol şirkətinin payından 17,15% alaraq, layihənin iştirakçısı olub.