ARDNŞ prezidenti Rövnəq Abdullayev ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin (US TDA) Avrasiya üzrə regional direktoru Daniel Stayn və ABŞ səfirliyinin nümayəndələri ilə görüşüb. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-dən məlumat verilib. Görüşdə ARDNŞ və US TDA-nın birgə gerçəkləşdirdiyi layihələr müzakirə olunub.
ARDNŞ prezidenti qeyd edib ki, Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının təmizlənməsi şirkət üçün böyük əhəmiyyət kəsb edir. Dünya bankı ilə olduğu kimi, agentliklə də əməkdaşlıq yaxşı nəticələr verəcək. Rövnəq Abdullayevin sözlərinə görə, torpaqların təmizlənməsi ilə bağlı məsələnin daha effektiv həlli üçün ARDNŞ-də ekoloji məsələlərlə məşğul olan idarənin yaradılması məqsədəuyğun olardı.
R.Abdullayev şirkətin xaricdə kadrların hazırlanması layihəsini, həmçinin, mühasibat uçotu və maliyyə hesabatının beynəlxalq standartlara keçməsi istiqamətində ARDNŞ-in apardığı işi xüsusi qeyd edib. Görüşdə ABŞ-ın texniki dəstək proqramının ikinci fazasına keçid müzakirə olunub.