...

İranın Sanergy Co şirkəti Azərbaycanda enerji layihələrində iştirak etmək niyyətindədir

Energetika Materials 25 Sentyabr 2006 16:42 (UTC +04:00)

İranın Sanergy Co servis şirkəti Azərbaycanın Xaçmaz rayonunda modul elektrik stansiyasının tikinti layihəsində iştirak edəcək. Həmin şirkət elektrik stansiyasının təchizatı və dizaynı məsələləri üzrə məsləhətləşmələr aparmaq üçün dəvət olunub. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə, İran şirkəti Astarada - İran və Azərbaycan arasında sərhəddə yeni modul elektrik stansiyasının tikinti layihəsində iştirak etmək imkanını gözdən keçirir. Bu stansiyanın tikintisi haqqında təklifi Azərbaycan tərəfi irəli sürüb.

Hazırda Xaçmaz modul elektrik stansiyası və 110 kilovoltluq yarımstansiyada tamamlayıcı işlər görülür. Həmin obyektin oktyabrın 20-də başa çatacağı planlaşdırılır. Respublikanın şimalında ən böyük elektrik enerjisi obyekti olacaq elektrik stansiyası milli enerji sisteminə əlavə 87 MVt verəcək. Bu həcm yaxın gələcəkdə bölgədə elektrik çatışmazlığını tamamilə aradan qaldıracaq. Tikilən 110 kilovoltluq və 330 kilovoltluq yarımstansiyalar onun ötürmə keyfiyyətini və milli enerji sisteminin təhlükəsizliyini artırmağa imkan verəcək.

Azərbaycan prezidentinin sərəncamına əsasən, "Azərenerji" SC -yə 52 bu cür qurğunun tikintisi və təhvil verilməsi həvalə olunub. Qurğular Bakı, Naxçıvan, Astara, Xaçmaz və Şəki rayonlarında quraşdırılacaq. 2006-cı ildə 12 bu cür elektrik stansiyası Bakı İEM-2 ərazisində, 10-u Naxçıvanda, 10-u Xaçmazda, 10-u isə Şəkidə quraşdırılacaq. Onlar "Azəriqaz" QSC-nin tədarük edəcəyi təbii qazla işləyəcək. Bu elektrik stansiyaları 8,7 MVt gücə malik enerji modullarından ibarətdir.

Finlyandiyanın Wartsila şirkətinin həyata keçirdiyi bu elektrik stansiyalarının tikintisi Azərbaycanda elektrik enerjisinin istehsal həcmini 450-460 MVt-a qədər artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti