BP Azərbaycan "Çıraq" platformasında təkmilləşdirilmə işlərini görmək üçün platformadan neft hasilatını dayandırıb. Bu barədə Trend ə BP Azərbaycan şirkətindən məlumat verilib. Platforma 10 günə qədər müddətə dayandırılacaq. Həmçinin Səngəçal terminalında "ilk neft" layihəsi çərçivəsində qurğularda da işlər görüləcək.
Azərbaycan Dövlət Neft Şirkətindən Trend ə verilən məlumata görə, platforma ilə birgə Bakı-Supsa boru kəməri üzrə neft nəqli də dayandırılıb. "Burada vəziyyətin araşdırılması üzrə işlər görüləcək", - deyə ARDNŞ-dən bildirilib.
Platformada səmərəliliyin və etibarlılığın yaxşılaşdırılması məqsədi ilə qazın qurudulması üzrə qurğu dəyişdiriləcək, suyun laya vurulma həcmi artırılacaq və avadanlığa texniki xidmət göstəriləcək.
Hazırda "Çıraq" platformasında 20 quyu istismar olunur: 14 neftçıxarma və altı suvurma. 1997-ci ildə istismar qazıntısı və ilk neft hasilatı başlayandan "Çıraq" platforması, demək olar ki, fasiləsiz işləyir. Hazırda orada təxminən 250 nəfər işləyir, platformada aparıcı mövqeləri tutan dəniz əməliyyatları üzrə mühəndislər də daxil olmaqla, onların 85 faizi Azərbaycan vətəndaşıdır.