Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Hazırda Azərbaycanın Gürcüstana gündəlik qaz tədarükü 2,1 mln. kubmetr təşkil edir. Bunu çərşənbə axşamı Gürcüstanın energetika naziri Nika Qilauri bildirib.
Bu həcmdən 1,3 mln. kubmetr "Azəriqaz" QSC-nin payına düşür, "Şahdəniz" yatağından isə 0,8 mln. kubmetr qaz ixrac olunur.
2007-ci ildə Azərbaycanın Gürcüstana ümumi qaz ixracı isə 700 mln. kubmetr səviyyəsində gözlənilir.
Gürcü nazirin sözlərinə görə, növbəti ildə "Şahdəniz" yatağından Gürcüstana təqribən 300 mln. kubmetr ixrac olunacaq və hazırda "Azəriqaz" la ARDNŞ qazının mümkün ixrac həcmi barədə danışıqlar aparılır.
"Şahdəniz" yatağından qazın tədarük tarifi növbəti ildə də indiki səviyyədə - min kubmetrə 63 dollar saxlanılacaq.
Qilauri "Azəriqaz"ın tariflərinin azaldılması ehtimalını istsna etməyib. Bu il "Azəriqaz" Gürcüstana qazı 120 dollardan ixrac edir.