Bakı. Zeyni Cəfərov - Trend:
Bu ilin iyun ayında Azərbaycan Mərkəzi Bankı ilə birgə “Visa” ilə mobil tətbiqlə ödəniş et” kampaniyası elan olunub.
Bunu Trend-ə “Visa”nın Qafqaz ölkələrində regional meneceri Kristina Doroş deyib.
Onun sözlərinə görə, iki ay ərzində kampaniyanın nəticələri proqnozları üstələyib və Azərbaycanda mobil ödəmələrə yüksək tələbatın olduğunu göstərib. Belə ki, tokenləşmə əməliyyatlarında dövriyyə ayda 350 min manata çatıb. Transaksiyaların sayı iki dəfə artıb və ayda 14 mindən çox transaksiyaya çatıb.
K.Doroş bildirib ki, təmassız ödənişlərin gələcək inkişafı üçün əsas kanallardan biri nəqliyyatdır. Belə ki, “Visa” Mərkəzi Bank, “Azərbaycan Dəmir Yolları” və Beynəlxalq Bankla tərəfdaşlıqda şəhər elektrik qatarlarında təmassız ödəniş üzrə ilk layihəni işə salıb. Hazırda təmassız bank kartları və ödəmə üzükləri vasitəsilə ödənişin sınaqları başlayıb.
K.Doroş bildirib ki, texniki sınaqlar başa çatdıqdan sonra bu vasitələrlə ödənişlər Abşeron dairəvi dəmir yolunda bəzi stansiyalarda mümkün olacaq. Birinci mərhələdə yalnız Beynəlxalq Bankın təmassız kartları və üzükləri qəbul olunacaq. Növbəti mərhələlərdə sistem bütün bankların təmassız kartları üçün açılacaq və Abşeron dairəvi dəmir yolunun bütün stansiyaları əhatə olunacaq.