Əlcəzair. Trend:
Avrasiya İnkişaf Bankı Azərbaycanın investisiya gündəminə əhəmiyyətli dəstək göstərəcək.
Bunu Trend-ə Avrasiya İnkişaf Bankının İdarə heyətinin sədri Nikolay Podquzov İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində verdiyi özəl müsahibədə deyib.
O, Azərbaycanın Avrasiya regionu üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Ölkənin infrastrukturun inkişafı sahəsində geniş gündəmi var. Mən bu yaxınlarda Bakıda maliyyə və iqtisadiyyat nazirləri, eləcə də, hökumət üzvləri ilə görüşdüm və biz sıra potensial layihələri müzakirə etdik. Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə, neft və qaz asılılığından uzaqlaşmağa can atır. Mənə məlumdur ki, hökumətin Bakını Qafqazın, bəlkə də, ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində genişmiqyaslı planları var. Biz Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri ilə bir çox infrastruktur layihələrini müzakirə etmişik.
Şübhəsiz ki, islam maliyyələşməsi bu investisiya gündəmini dəstəkləyə bilər və əgər layihələri islam maliyyələşməsi çərçivəsində həyata keçirmək imkanı yaranarsa, biz Azərbaycanın investisiya strategiyasına ciddi dəstək verə bilərik”, – deyə o vurğulayıb.
İslam İnkişaf Bankı ilə əməkdaşlığın perspektivləri
Podquzov İslam İnkişaf Bankının Avrasiya İnkişaf Bankının əsas tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb.
“Mərkəzi Asiyada fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatı olaraq Avrasiya İnkişaf Bankı üçün regionda islam maliyyələşməsini inkişaf etdirə biləcəyimiz bir tərəfdaşın olması çox vacibdir. İslam İnkişaf Bankı məhz belə bir tərəfdaşdır.
Biz Avrasiya İnkişaf Bankında İslam İnkişaf Bankının dəstəyi ilə islam maliyyələşməsi üçün bir pəncərə yaradırıq. Hazırda mən İslam İnkişaf Bankının Prezidenti tərəfindən dəvət olunduğum əsas tədbirdə iştirak edirəm.
Bu gün mən əhalinin islam maliyyələşmə məhsullarına əlçatanlığını yaxşılaşdırmaq məqsədilə banklar, institutlar, islam maliyyələşmə qurumları və poçt xidmətləri arasında potensial əməkdaşlıq barədə geniş danışdım. Mən süni intellekt və onun alətləri barədə söz açdım – bunlar islam maliyyələşdirməsi məhsullarının keyfiyyətini artırmağa kömək edə bilər. Hesab edirəm ki, Mərkəzi Asiya əhalisi arasında bu kimi mövzulara yüksək tələb var”, – deyə o izah edib.
Podquzov qeyd edib ki, əməkdaşlığın digər potensial istiqaməti Mərkəzi Asiya ölkələri və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏDƏŞ) ölkələrinin iqtisadi maraqlarının birləşdirilməsi, eləcə də, Mərkəzi Asiya ölkələri ilə Cənubi Afrika Respublikası arasında əməkdaşlığın inkişafıdır.
İslam maliyyəsinin inkişafında Mərkəzi Asiya ölkələrinə dəstək
Mərkəzi Asiya ölkələrində islam maliyyələşməsinin inkişafı sahəsində Avrasiya İnkişaf Bankının dəstəyinə toxunan Podquzov qeyd edib ki, hər şey potensial tələbdən irəli gəlir.
“Mərkəzi Asiyada investisiyalara olan tələbat çox böyükdür, çünki biz infrastrukturun inkişafı, nəqliyyat əlaqəliliyinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin və ümumilikdə regionun təhlükəsizliyinin yaxşılaşdırılması, dayanıqlı enerji infrastrukturunun qurulması istiqamətində işlər aparırıq. Bütün bunlar əhəmiyyətli investisiyalar tələb edir və yaxın illərdə islam maliyyələşməsinə potensial tələbat 10 milyard ABŞ dollarına çata bilər. Buna görə də müvafiq maliyyə alətlərinin hazırlanması çox vacibdir.
Avrasiya İnkişaf Bankının baş qərargahının yerləşdiyi Qazaxıstan həm də İslam İnkişaf Bankının üzvüdür və ölkənin hökuməti islam maliyyələşməsinin inkişafına böyük maraq göstərir. Avrasiya İnkişaf Bankı və İslam İnkişaf Bankının dəstəyi ilə biz Qazaxıstanda şirkətlər və əhali üçün islam maliyyələşmə məhsullarını irəli sürə biləcəyik”, - deyə o bildirib.
Mərkəzi Asiyada sukuk-istiqrazların buraxılışı
Podquzov İslam istiqrazları bazarının inkişafında Avrasiya İnkişaf Bankının mühüm rol oynayacağına ümidvar olduğunu bildirib.
“Biz artıq bu ildən sukuk-istiqrazlar buraxmağı planlaşdırırıq. Bu, yəqin ki, İslam İnkişaf Bankının dəstəyi ilə bizim Mərkəzi Asiya regionundakı əsas vəzifələrimizdən biri olacaq
“Sukuk maliyyə layihələri sahəsində kifayət qədər yeni bir məhsuldur. İslam prinsiplərinə uyğun formatda maliyyələşdirilən güclü layihə bazası olmadan biz sukuk istiqrazları buraxa bilmərik. Buna görə də ilk növbədə islam prinsiplərinə uyğun maliyyələşmə layihələrinin formalaşdırılmasına imkan verəcək metodologiyanı hazırlayırıq. Regionda belə layihələrdən ibarət bir portfel toplamalıyıq və yalnız bundan sonra – bu baza formalaşdıqdan sonra – sukuk istiqrazlarının buraxılışını həyata keçirə bilərik. Hazırda biz hər iki istiqamətdə – həm metodologiya, həm də layihə formalaşdırılması üzərində işləyirik və ümid edirik ki, 10–15 milyon dollar həcmində ilk pilot sukuk sövdələşməsi məhz bu il baş tutacaq”, – deyə o yekunlaşdırıb.