Bakı. Trend:
COP29 qabaqcıl ekoloji həllərin müzakirəsi və tətbiqi üçün mühüm platformaya çevriləcək.
Trend xəbər verir ki, bu barədə Niderlandın su ehtiyatları üzrə xüsusi nümayəndəsi Meike van Ginneken ADA Universitetində keçirilən təlim sessiyasında deyib.
Meike van Ginneken su ehtiyatlarının dayanıqlı idarə olunması üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
"COP29 qabaqcıl ekoloji həllərin müzakirəsi və tətbiqi üçün mühüm platforma olacaq. Bundan başqa, Azərbaycanın su problemlərinin həllinə mühüm töhfəsini qeyd etmək və bu sahədə birgə işlərin davam etdirilməsinin vacibliyini vurğulamaq lazımdır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Niderland iqlim konfransının uğuru üçün Azərbaycan hökuməti ilə işləməyə hazırdır.
"Biz həm iqlim dəyişmələrinin nəticələrinin yumşaldılmasına, həm də onlara adaptasiyaya diqqət yetirməliyik. Bu prosesdə su əsas rol oynayır. Biz suyu iqlim dəyişikliyinə adaptasiya üçün əsas vasitəyə çevirə bilərik və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsini təmin etmək üçün Azərbaycan hökuməti və həmsədrlərlə əməkdaşlıq edəcəyik", - deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)