...

COP29 çərçivəsində dayanıqlı əlaqəlilik mövzusunda panel müzakirə keçirilib (FOTO)

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 09:40 (UTC +04:00)
COP29 çərçivəsində dayanıqlı əlaqəlilik mövzusunda panel müzakirə keçirilib (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində "Dayanıqlı əlaqəlilik yolları: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), onun üzv dövlətləri və Asiyanın regional təşkilatlarının təhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirə keçirilib.

Trend xəbər verir ki, tədbirdə AQEM-in baş katibinin müavini Çjan Lin çıxış edərək bildirib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) təhlükəsiz və səmərəli qarşılıqlı əlaqəni təşviq etmək missiyasına sadiqdir.

"AQEM-in təşəbbüsləri etimad tədbirlərinin beş əsas istiqamətini əhatə edir: iqtisadi, ekoloji, humanitar ölçülər, yeni çağırışlar və təhdidlər, eləcə də hərbi-siyasi ölçü. AQEM-ə üzv dövlətlər iqlim dəyişikliklərinə davamlı və səmərəli nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət ayıraraq, iqtisadi və ekoloji ölçülərə əhəmiyyətli töhfələr verməyə çalışır", - o əlavə edib.

Öz növbəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC -nin Baş direktorun katibliyinin beynəlxalq əlaqələr üzrə meneceri Natavan Ağayeva qeyd edib ki, səmərəli nəqliyyat dəhlizlərinin təmin edilməsi iqlim gündəliyinin əsas elementlərindən biridir.

"Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin təmin edilməsi iqlim gündəliyinin əsas elementidir. Burada, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təşkilatçılığı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dəstəyi ilə keçirilən bu tədbirdə məqsədimiz Orta Dəhlizin Yaşıl Dəhlizə çevrilməsi üçün ortaq və vahid baxış formalaşdırmaqdır.

Beynəlxalq ticarət sadəcə insanların və yüklərin daşınmasından ibarət deyil. Bu, həmçinin ciddi ekoloji çağırışlar və təhdidlər yarada, iqtisadi və sosial sahələrdə sağlamlığa təsir göstərə bilər. Buna görə də, bu gün qarşımızda duran vəzifə - nümayəndələr, ekspertlər və praktiki mütəxəssislərlə birgə işləyərək ümumi yanaşmalar və gündəmlər müəyyən etmək, eləcə də Orta Dəhlizi ekoloji cəhətdən davamlı nəqliyyat marşrutuna çevirmək üçün strategiyalar yaratmaqdır", - deyə o bildirib.

Daha sonra Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Nurlan Kenesov deyib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) sədrlik bu ilin dekabrında Azərbaycana keçəcək.

"Keçən il Şuranın yaradılması konsepsiyası hazırlanmış və CİCA Katibliyi ilə birlikdə konsepsiyanı müzakirə etmək üçün milli ekspertlərlə üç işçi görüşü keçirmişik. Ümumilikdə, bu təşəbbüs iştirakçılar tərəfindən geniş dəstək qazanıb. Təşkilatda sədrliyin bu ilin dekabr ayında Azərbaycana keçəcəyini nəzərə alaraq, hörmətli azərbaycanlı həmkarlarımıza CİCA Katibliyi ilə birgə konsepsiyanın yekunlaşdırılması üzərində işi davam etdirməyi və Şuranın yaradılmasına başlamağı xahiş edirik", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti