Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir H.Vəliyev /
Azərbaycanın poçt rabitəsinin operatoru "Azərpoçt" MMC poçt rabitəsi günü ilə əlaqədar oktyabrın 9-da keçiriləcək bir sıra tədbirlər hazırlayıb. Bu barədə "Azərpoçt"un məlumatında deyilir.
Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin qərarı ilə Ümumdünya poçt rabitəsi günü hər il oktyabrın 9-da qeyd olunur.
1874-cü il oktyabrın 9-da İsveçrədə 22 ölkə nümayəndəsi tərəfindən Bern müqaviləsi imzalanıb. Həmin müqavilə əsasında Baş Poçt İttifaqı yaradılıb. 1878-ci ildə onun adı Ümumdünya Poçt İttifaqına dəyişdirilib. Hazırda ÜPİ-yə 189 ölkə daxildir.
"Azərpoçt" hazırlanan tədbirlər planına əsasən, poçt rabitəsinin 135 illiyi ilə əlaqədar bütün poçt müəssisələrində iclaslar keçirməyi və poçt xidmətləri sərgisinin təşkilini planlaşdırır.
Eyni zamanda Tərtər, Bərdə və Beyləqanda yeni poçt şöbələrinin istismara verilməsi planlaşdırılır. "Azərpoçt"un korporativ üslubda inşa etdirdiyi yeni poçt şöbələri müasir avadanlıq və müştərilərə lazım olan məlumatlarla təchiz olunub. Yeni poçt rabitəsi şöbələri müştərilərə ənənəvi poçt xidmətləri ilə yanaşı, təcili pulköçürmə xidmətləri də təklif edəcək. Poçt şöbələrində əhalinin rahatlığı üçün şəhərlərarası telefon əlaqəsi və intenetə daxilolma imkanı da yaradılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]