Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın poçt rabitəsi operatoru - "Azərpoct" MMC daxili lokal şəbəkənin qurulması üzrə işləri başa çatdırır. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında bildirilir.
İşlər "Azərpoçt"un 58 poçt şöbəsini birləşdirən lokal şəbəkənin qurulmasını və müəssisənin gələcəkdə korporativ şəbəkəyə inteqrasiyasını nəzərdə tutur. İşlər çərçivəsində 500 personal kompüterin təchizatı həyata keçirilib.
Hazırda avtomatlaşdırılmış maliyyə sisteminin yaradılması üzrə işlər başa çatdırılıb. Bunun vasitəsilə poçt şöbələri operatorun mərkəzi ofisinə qoşulub. "Azərpoçt" korporativ şəbəkəsi APUS (Automated Payment Utility Service) sisteminə qoşulub ki, bundan da Azərbaycan Mərkəzi Bankında istifadə olunur.
Poçt rabitəsi operatorunun fəaliyyətinin informasiyalaşdırılmasında əsas məqsəd əhaliyə bank maliyyə xidmətlərinin göstərilməsidir. Bank maliyyə xidmətlərinin göstərilməsi "Azərpoçt"da yaradılan avtomatlaşdırılmış korporativ-informasiya sistemi sayəsində mümkün olacaq. Hazırda bu sistem istismar təcrübəsinə hazırdır. "Azərpoçt"un avtomatlaşdırılmış sisteminə 200-dən çox poçt rabitəsi şöbəsi qoşulub. Birinci yarımilin sonuna kimi sistemə qoşulan poçt şöbələrinin sayı 1200-ə çatacaq.
İlkin mərhələdə poçt şöbələri məhdudlaşdırılmış bank əməliyyatları təqdim edəcəklər; onlara kassa əməliyyatlarının aparılması, pulköçürmələri, müştəri hesablarının açılması və s. daxildir. Uzunmüddətli perspektivdə əhaliyə kreditlərin verilməsi də nəzərdə tutulur.
Azərbaycanın bank bazarına daxil olmaqla "Azərpoçt" bank bazarının oyunçularına ciddi rəqabət təşkil edəcək. Bu gün Azərbaycanın bank sektorunda 47 bank fəaliyyət göstərir, filialların ümumi sayı 500-dən çoxdur. Halbuki "Azərpoçt"un poçt şöbələrinin sayı 1600-ü keçir.