...

Müstəqil nizamlayıcı orqanın yaradılması Azərbaycan telekommunikasiya bazarının liberallaşması üçün zəmin yaradacaq – Trend-in icmalçısı

Telekommunikasiya Materials 16 Avqust 2010 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Trend-in icmalçısı Hüseyn Vəliyev

Azərbaycanın informasiya-kommunikasiya terxnologiyaları bazarında artım və bu sahəyə daim artmaqda olan maraq müstəqil sahə nizamlayıcının yaradılması zərurəti yaradır. 2005-ci ildən Azərbaycanda müstəqil nizamlayıcının yaradılması barədə söhbətlərə baxmayaraq, bu istiqamətdə real işlər qarşıdakı iki il ərzində həyata keçiriləcək. Bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən "2010-2012-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı (Elektirn Azərbaycan)"nda dəqiq nəzərdə tutulub.

Layihənin icraçıları kimi Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), İqtisadi İnkişaf Nazirliyi və ölkənin digər dövlət orqanları çıxış edir.

Nizamlama orqanının yaradılması istiqamətində ilk addım hələ 2005-ci ildə RİTN tərəfindən atılıb ki, o zaman idarədə Nizamlama Departamenti yaradılıb. Son illər ərzində nazirlik kommersiya sektoruna yaxınlaşmaq üzrə kifayət qədər böyük işlər görüb. RİTN tərəfindən kommersiya strukturlarının, özəl operatorların, şirkətlərin daha əlverişli şəraitlərdə çalışmaları üçün çox işlər görülüb. Dövlət və özəl operatorların tarifləri xeyli aşağı salınıb, bazarın liberallaşmasında mühüm addım olan qanunverici hüquqi sənədlər qəbul edilib.

ITU (International telecommunication Union), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Dünya Bankı kimi strukturlar telekommunikasiyanın inkişafı məsələlərində rabitə sahəsində müstəqil nizamlayıcının olmasının heç də az önəm daşımaması barədə yekdildirlər.

Bəzi postsovet ölkələri (Gürcüstan, Moldova və Qırğızıstan) rabitə bazarının nizamlayıcısını yarada bilsələr də, bir çoxları hələ də bu yolun başlanğıcındadırlar.

Təəssüf ki, hələlik az sayda ölkələr nizamlayıcının dövlətdən asılı olmayan fəaliyyətinə nail ola biliblər. Nizamlayıcının işində əsas məqam onun qərəzsizliyi və obyektivliyidir. Belə yanaşma sektora investisya axınını real olaraq stimullaşdıra bilər ki, bu da öz növbəsində, ölkə iqtisadiyyatına fayda gətirər.

Hər halda, nizamlama orqanının müstəqilliyi onun mövcud qanunvericilikdən asılı olmaması demək deyil. Onlar müvafiq qanunverici aktlara və respublikanın dövlət orqanlarına hesabat verməlidirlər. Bu isə öz növbəsində, illik hesabatlar, dinləmələr və təqdimatlar kimi mexanizmlərin sayəsində təmin olunur, nizamlayıcı onların gedişində gördüyü işləri açıqlamalıdır.

Nizamlayıcı orqanın yaradılmasında mühüm rolu onun maliyyələşdirilməsi oynayır.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində müstəqil nizamlayıcı orqanın yaradılması telekommunikasiya bazarının liberallaşdırılması üçün zəmin yaratmaq məqsədi daşıyır. Azərbaycan bazarının reallıqlarını nəzərə alaraq, bu, ilk növbədə, fəaliyyət göstərən operatorlar arasında qarşılıqlı əlaqənin koordinasiyası və GSM operator və stasionar rabitə operatorları arasında münaqişəli vəziyyətlərin tənzimlənməsi, ümumi istifadə şəbəkələrinə qoşulmaq üzrə tariflərin, qarşılıqlı hesabatların (bir operatordan digərinə ötürülən trafik) tənzimlənməsidir.

Hazırda rabitə operatorları arasında münasibətlər, əsasən, Azərbaycanın "Telekommunikasiya haqqında" Qanununa uyğun olaraq tənzimlənir. Məhz elə həmin qanunda müstəqil nizamlayıcı orqanın yaradılması öz əksini tapıb.

Müstəqil nizamlayıcı orqan rabitə bazarının liberallaşdırılmasına, xüsusən də özəlləşdirmə proseslərinə böyük təsir göstərəcək. Azərbaycanda telekommunikasiya müəssisələrinin özəlləşdirilməsi bütün dünyada olduğu kimi, kifayət qədər mürəkkəb prosesdir.

Hazırda Azərbaycanda Bakcell, Azercell, CATEL, Ultel, eləcə də "Bakteleqraf" və "Qasid" dövlət müəssisələri özəlləşdirilib. Gündəlikdə beynəlxalq rabitənin təşkili üçün istifadə edilən "Teleradio"nun yerüstü peyk rabitə stansiyaları daxil olmaqla, "Aztelekom" və "Bakı Telefon Rabitəsi" istehsalat birliklərinin özəlləşdirilmə prosesi durur.

Telekommunikasiya sahəsinin müəssisələrinin özəlləşdirilmə məsələsi də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması üzrə şərtlərdən biridir. Dünya bazarındakı vəziyyət özəlləşdirmə planlarında ciddi addımların atılmasını, eləcə də əlverişli rəqabətli mühitin yaradılmasını tələb edir. Bu, bazarın gələcək inkişafına, təklif edilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, sayının artırılmasına və ən nəhayət, tariflərin azaldılmasına zəmin yaratmalıdır.

Mövcud telekommunikasiya şəbəkəsinin genişləndirilməsi üçün rəqabətqabiliyyətli mühitin və əlverişli şəraitin yaradılması, investisiyaların artırılması müstəqil nizamlayıcı orqanın fəaliyyətinin ən vacib tərkib hissəsi olmalıdır.

Xəbər lenti

Xəbər lenti