...

Azərbaycan Rabitə Nazirliyi cənub regionunda rəqəmsal televiziyanı işə salır

Telekommunikasiya Materials 16 Fevral 2011 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Lerikdə rəqəmsal televiziyanın işə salınması üzrə işləri başa çatdırıb. Bu barədə Trend-ə çərşənbə günü "Teleradio"nun texniki direktoru Mikayıl Abbasov deyib.

Abbasovun sözlərinə görə, rəqəmsal formatda televiziya yayımı sabahdan etibarən başlayacaq.

Hazırda sistem tam sazlanıb və bu rayonun sakinləri 10 televiziya kanalından ibarət rəqəmsal kontentdən (sosial paket) istifadə edə biləcəklər. Sosial paketin tərkibinə respublikanın əsas telekanalları daxil edilib. Bunlar Azərbaycan Dövlət Televiziyası (AzTV), "İctimai Televiziya" (İTV), "Lider", ATV və "İdman Azərbaycan", "Mədəniyyət" telekanalları və başqalarıdır.

Siqnalın Lerik rayonuna çatdırılması üçün İstehsalat Birliyi hələ keçmiş SSRİ dönəmində tikilən əsas xətti modernləşdirməli olub.
"İlin əvvəlindən biz Şirvan rayonunda rəqəmsal televiziyanı artıq işə salmışıq. İlin sonunadək rəqəmsal televiziyanın Ağsu, Quba, Ağstafa, Naxçıvan Muxtar Respublikasında və Azərbaycanın digər sərhədyanı rayonlarında işə salınması planlaşdırılıb", - Abbasov qeyd edib.

Sərhədyanı ərazilərdə rəqəmsal televiziyanın işə salınması xarici telekanalların Azərbaycanın efir məkanına müdaxiləsinin qarşısını almağa imkan verəcək.

"Teleradio"nun texniki direktorunun sözlərinə görə, yeni 40 kanallı baza stansiyasının cəlb edilməsi üzrə də işlər aparılır. Onun montajından sonra 12 rəqəmsal telekanaldan ibarət fəaliyyətdə olan paket 52 ədədə çatdırılacaq. Hazırda İstehsalat Birliyi tərəfindən avadanlıq tədarükçüsü ilə bağlı məsələnin texniki məsələləri dəqiqləşdirilir.

Hazırda rəqəmsal televiziya Bakı və Abşeron yarımadası ərazisində və Gəncədə təcrübi istismara verilib. Rəqəmsal televiziya yayımı MPEG-4 standartında həyata keçirilir. Televiziyanın rəqəmsal standartına keçmək üçün əhali dekoderlər almalıdır. Bakı televiziya qülləsindən yayımlanan siqnal Salyan, Siyəzən və Qobustana çatır. Yayımın keyfiyyəti həm stasionar, həm də saatda 90 kilometr sürətlə hərəkət edən avtomobillərdə yüksək səviyyədədir.

Xəbər lenti

Xəbər lenti