...

Rabitə Nazirliyində "Elektron Azərbaycan" Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilib

Telekommunikasiya Materials 26 May 2011 19:21 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası məqsədilə "Elektron Azərbaycan" Dövlət Proqramının və "Elektron hökumət" Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının toplantısı keçirilib.
Rabitə Nazirliyində "Elektron Azərbaycan" Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası məqsədilə "Elektron Azərbaycan" Dövlət Proqramının və "Elektron hökumət" Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının toplantısı keçirilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin və qeyd olunan proqramların icraçıları olan dövlət qurumlarının nümayəndələri iştirak edib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mayın 23-də imzalanmış fərmanın ölkəmizdə elektron hökumət formalaşdırılması üzrə aparılan işlərə ciddi təkan verəcək. Sənəddə dövlət orqanları ilə təmaslarda vətəndaşların müasir informasiya texnologiyalarından istifadə edərək elektron xidmətlərdən yararlanmaları üçün ciddi tapşırıqlar öz əksini tapıb.

Nazir müavini "Elektron Azərbaycan" Dövlət Proqramının və "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramının icrasının davam etdirildiyini bildirib. Həmçinin dövlət orqanlarında lisenziyalaşdırılmış kompyuter proqramlarının tətbiqi məsələlərinə hökumət tərəfindən diqqət yetirildiyini qeyd etdi və bunun dövlət orqanlarında informasiya təhlükəsizliyinin yüksəldilməsinə səbəb olacağını söyləyib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Elektron Azərbaycan" Dövlət Proqramının və "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramının icrasının cari vəziyyəti barədə iştirakçıları məlumatlandırıb. Bu işlərin hazırda "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrasına şərait yaratdığını bildirib. Fərmana uyğun olaraq dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi, elektron xidmətlərin göstərilməsinin təşkili və onların "bir pəncərə" prinsipi əsasında "Elektron hökumət" portalında cəmləşdirilməsi üçün görüləcək işlərlə bağlı təqdimatla çıxış edib.

Fərmanın ölkənin bütün dövlət orqanları, o cümlədən Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən həyata keçirilməsi üçün RİTN əlaqəli fəaliyyəti təşkil edəcək.

İclasın yekunları üzrə "E-Azərbaycan" Dövlət Proqramı və "E-Hökumət" Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlərin davam etdirilməsi və Fərmanın icrasının təmin edilməsi məqsədilə görüləcək işlər barədə ətraflı təkliflərin hazırlanıb RİTN-ə və onların ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim edilməsi, dövlət qurumlarında lisenziyalı proqram təminatının tətbiqi, təkliflərin hazırlanması ilə bağlı qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti