...

Rabitə Nazirliyi internet xidmətləri tariflərinin azalacağını proqnozlaşdırır

Telekommunikasiya Materials 7 Sentyabr 2011 15:33 (UTC +04:00)
Yaxın iki ayda Azərbaycanın internet bazarında internet xidmətləri tariflərinin azalmasının növbəti dalğası gözlənilir.
Rabitə Nazirliyi internet xidmətləri tariflərinin azalacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir H.Vəliyev/

Yaxın iki ayda Azərbaycanın internet bazarında internet xidmətləri tariflərinin azalmasının növbəti dalğası gözlənilir. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov çərşənbə günü bildirib.

Nazir müavininin sözlərinə görə, buna ilk növbədə bazarda internet xidməti tədarükçülərinin aralarındakı rəqabət kömək edəcək. Bu gün tədarükçülərin sayı 30-u ötür.

"Məlum olduğu kimi, internet servis provayderlərinin təqdim etdikləri xidmətlər lisenziyalaşdırılmır, onların bütün respublika ərazisində geniş inkişafı, eləcə də dəyərinin aşağı düşməsi üçün hərtərəfli şərait yaradılır. Ümumilikdə, Azərbaycanda internet tarifləri region üçün kifayət qədər aşağıdır", - Məmmədov bildirib.

Onun fikrincə, tariflərin azaldılması prosesi dərhal baş vermir, belə ki, bu, kartların sifarişindən tutmuş marketinq strategiyasının qurulmasınadək provayderlərdən müəyyən vaxt tələb edir. Məmmədovun sözlərinə görə, internet xidmətləri bazarında növbəti azalmanı artıq sentyabr-oktyabrda gözləmək olar.

"Bu gün istifadəçinin tələblərinə tamamilə cavab verən internet tarif xidmətləri tədarükçüsünü seçmək imkanı var. Biz isə internet provayderlərinin göstərdikləri internet xidmətlərinin keyfiyyəti təmin olunmasını istəyirik. Hesab edirəm ki, bu gün istifadəçinin əldə etdiyi sürət provayderin bəyan etdiyi sürətə uyğun gəlmir. Bu gün məhz bu məsələ daim qaldırılır və müntəzəm şəkildə müzakirə olunur", - Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda internet xidmətləri bazarında inhisara gəldikdə, bu məsələ bu gün bütün operatorlara rabitə operatorlarının telekommunikasiya şəbəkəsi vasitəsilə xidmətlər göstərmək üçün bərabər şərait yaradılması fonunda öz aktuallığını itirib.

"Bununla belə, əgər belə hallar qeydə alınarsa, onda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi şikayətlər baxmağa hazırdır", - Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti