...

Naxçıvan MR-də rəqəmsal TV-nin test yayımına başlanılır

Telekommunikasiya Materials 12 Yanvar 2012 17:32 (UTC +04:00)
Fevralın əvvəlindən etibarən Naxçıvan Muxtar Respublikasında (NMR) rəqəmsal televiziyanın test yayımına başlanılır.
Naxçıvan MR-də rəqəmsal TV-nin test yayımına başlanılır

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir H.Vəliyev/

Fevralın əvvəlindən etibarən Naxçıvan Muxtar Respublikasında (NMR) rəqəmsal televiziyanın test yayımına başlanılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı NMR-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, rəqəmsal formatda yayım 2012-ci ilin sonunadək analoq yayımla paralel olaraq həyata keçiriləcək, 2013-cü ildə isə NMR-də analoq yayım tamamilə dayandırılacaq.

Naxçıvan əhalisi 12 telekanaldan ibarət paketdən istifadə edə biləcək. Əlavə olaraq daha 72 televiziya kanalı təklif ediləcək.

Hazırda NMR ərazisində rəqəmsal televiziyanın işə salınması üzrə işlər çərşivəsində Duzdağ Radio-Televiziya Verici Stansiyasında rəqəmsal yayım üçün ayrılmış otaqların təmiri işi başa çatdırılıb və avadanlıqların bir hissəsi Naxçıvana gətirilib.

Baş stansiya və vericilərin qurulması üzrə işlərin fevral ayı ərzində başa çatdırılması nəzərdə tutulur.

Rəqəmsal kontentin yayımı DVB-T formatında həyata keçirilir. Televiziyanın rəqəmsal yayımına keçmək üçün abunəçilər dekoder əldə etməlidirlər.

NMR nazirliyi sakinlərə tövsiyə edir ki, televizor alarkən onların yeni yayım standartını dəstəkləməsinə diqqət yetirsinlər.

Xəbər lenti

Xəbər lenti