Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir H.Vəliyev/
Telekommunikasiya sahəsinin nizamlanması üzrə yeni beynəlxalq sənədin qəbulu Azərbaycanda bu sahədə uzun müddətdən bəri yığılıb qalmış məsələlərin həllinə imkan yaradacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cümə axşamı jurnalistlərə bildirib.
Sənədin qəbulu Dubayda keçiriləcək telekommunikasiya üzrə beynəlxalq sammit çərçivəsində gözlənilir.
"Sammitin işində baxılan ən vacib məsələlərdən biri internetdə söz azadlığı, internet idarəçiliyi, teleradio şəbəkəsində problemlərin həllidir. Həmçinin, efir sahəsinin nizamlanması, rouminq və beynəlxalq tarif məsələləri ilə bağlı xeyli məsələlər mövcuddur", - nazir qeyd edib.
Abbasovun sözlərinə görə, Azərbaycan tərəfi üçün ən maraqlı internet idarəçiliyi, internet şəbəkəsində azadlığın təminatı, şəbəkədə teleradio yayımı və beynəlxalq rabitə xidmətlərinin göstərilməsi zamanı dövlətin ərazi bütövlüyünə hörmət edilməsi məsələlərinin nizamlanmasıdır.
"Rouminqin dəyərinin azaldılması heç də az əhəmiyyətli məsələ deyil. Bu məsələdə təəssüf ki, operatorlar hər şeyi digər operatorların tariflərinin üzərinə atırlar. Biz bu məsələnin həll olunması ilə əlaqədar müvafiq qərarların qəbul ediləcəyini gözləyirik", - nazir bildirib.