Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ardıcıl və uzunmüddətli inkişafa hesablanmış uğurlu siyasət nəticəsində ölkəmizdə müasir prinsiplərə söykənən informasiya cəmiyyətinin bərqərar olmasına möhkəm zəmin yaranıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Azərbaycanın gələcək tərəqqisinə yönəlmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası respublikada innovasiya yönlü və biliklərə əsaslanan iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunmasında informasiya cəmiyyətinin inkişaf etdirilməsini əsas məqsəd olaraq qarşıya qoyub.
Azərbaycan Prezidentinin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" Konsepsiyada nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsinə xidmət edir.
Milli Strategiya informasiya cəmiyyətinin formalaşdırılması üzrə indiyədək görülmüş işlərin nəticələrinə əsaslanır və onların daha da inkişafı məqsədilə dövlət siyasətini, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin başlıca istiqamətlərini müəyyənləşdirir. Bu strategiyada cəmiyyətin müasir texnologiyalara olan tələbatı, dünya təcrübəsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı və Avropa İttifaqının, YUNESKO-nun tövsiyələri, "Açıq hökumət təşəbbüsü"ndən irəli gələn məsələlər nəzərə alınıb.
Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli şəkildə istifadə, ölkənin davamlı və dayanıqlı sosial-iqtisadi və mədəni inkişafının təmin olunması, həmçinin rabitə və yüksək texnologiyaların ayrıca iqtisadi sahə olaraq inkişaf etdirilməsidir.
Milli Strategiyanın prioritet istiqamətləri ölkədə İKT infrastrukturu və xidmətlərinin dünya standartları səviyyəsində inkişaf etdirilməsi, yüksək texnologiyalar sahəsinin və onun inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, "elektron hökumət"in və ümumilikdə İKT-nin cəmiyyətin inkişaf amili kimi rolunun artırılması, kadr hazırlığının və informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin zənginləşdirilməsidir.
Milli Strategiyada rəqabət qabiliyyətli və ixrac yönlü yüksək texnologiyalar sektorunun gücləndirilməsinə müstəsna əhəmiyyət verilir. Yüksək texnologiyaların, o cümlədən kosmik texnologiyalar, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və nüvə texnologiyalarının inkişaf etdirilməsi əsas vəzifə olaraq nəzərdə tutulur. Ölkədə dünya səviyyəli elm tutumlu texnologiyaların, yüksək texnoloji məhsulların yaradılması və onların beynəlxalq bazara çıxarılması, innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni innovasiya şirkətlərinin yaradılması, rəqabət və ixrac potensialının artırılması, investisiyaların cəlb olunması, yeni bilik və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların, biznes inkubatorlarının genişləndirilməsi, internet iqtisadiyyatının inkişaf etdirilməsi əsas fəaliyyətlər kimi əks olunur.
Milli Strategiyanın mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Hər mərhələ qəbul edilən məqsədli dövlət proqramı (2014-2017, 2018-2020-ci illər üzrə) əsasında yerinə yetiriləcək. Dövlət başçısının tapşırığına uyğun olaraq Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsi 4 ay müddətində hazırlanacaq.
Ümumilikdə Milli Strategiya ölkəmizin daha da inkişafına, iqtisadi potensialının güclənməsinə, demokratik proseslərin daha da genişləndirilməsinə, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan hərtərəfli istifadəsinə, dövlət idarəçiliyində müasir texnologiyalara əsaslanan fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.
Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edilib.