Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan Avropa İttifaqının (Aİ) uşaq və yeniyetmələrin internetin mənfi təsirindən qorunmasını təmin etməyə hesablanmış layihələrə qoşulmaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) yaradılmasının 150 illiyinə həsr edilmiş İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktik konfransında deyib.
Onun sözlərinə görə, yayda Aİ-nin və rəqəmsal iqtisadiyyat üzrə "Şərq Tərəfdaşlığı" proqramının iştirakçı ölkələrinin İKT sahəsinin nazirlərinin görüşü gözlənilir: "Azərbaycanın Aİ-nin layihələrində iştirakı məsələsi bu görüşün yekunu üzrə qəbul edilməsi gözlənilən bəyannaməyə daxil edilə bilər. Azərbaycanın Aİ-nin layihələrində iştirakı məsələsi üzrə təklif Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən hazırlanacaq".
AMEA-nın akademik-katibi Rasim Əliquliyev çıxışında qeyd edib ki, Aİ-də uşaqların virtual mühitin mənfi təsirindən qorunmasına yönəldilmiş çoxlu xüsusi proqram var, lakin Azərbaycan Avropa İttifaqının üzvü olmadığından həmn proqramlarda iştirak edə bilməz: "Azərbaycanın Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramında iştirakı ölkəyə Avropa İttifaqının "Təhlükəsiz internet" layihəsinə qatılmağa imkan verə bilərdi".