...

KATV1 və Edupro.az gənclər üçün biznes tədris proqramına start verdi

Telekommunikasiya Materials 5 Fevral 2016 12:49 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 şirkəti və Edupro.az gənclər üçün nəzərdə tutulmuş tədris proqramına start verdi. KATV1-dən Trend-ə verilən məlumata əsasən, proqramın əsas məqsədi gənclərə uğurlu karyera qurmaq və ya fərdi biznes açmaq üçün gərəkən müasir biznes-biliklərinin tədris edilməsindən ibarətdir.

Sözügedən tədris proqramı "London Beynəlxalq Menecment Məktəbi"nin (Böyük Britaniya) dəstəyilə keçiriləcək və hər uğurlu məzuna proqram çərçivəsində aldığı bilikləri təsdiq edən sənəd təqdim olunacaq. Proqramın başlıca xüsusiyyəti onun praktik yönümlü olması və şirkətlərdə uğurlu iş üçün bacarıqları təqdim etməsidir.

Tədris proqramı çərçivəsində www.edupro.az saytında "Biznesin Əsasları" adlı birinci modul üzrə qəbul də artıq elan edilib. Bu modul çərçivəsində dinləyicilər biznesin əsasları haqqında məlumat əldə edəcək, müxtəlif "keys"ləri araşdıracaq, müvafiq tapşırıqları yerinə yetirəcəklər. Modulun sonunda imtahan keçiriləcək, və yalnız imtahandan uğurla keçənlər sertifikat (Award of Excellence) əldə etmiş olacaqlar.

Qeyd etmək lazımdır ki, dörd modulda uğurla iştirak edənlər "London Beynəlxalq Menecment Məktəbi"nin "Biznez Sertifikat"ı ilə (Certificate in Business) təltif olunacaqlar. Ən yaxşı məzunlar Azərbaycan şirkətlərində təcrübə keçib, gələcəkdə elə həmin şirkətlərdə qalıb işləmək imkanını əldə edəcəklər.

Tədris proqramı 30 aprel tarixinədək davam edəcək ki, bu müddət ərzində də hər kəs biznes sahəsində güzəştli şərtlərlə müasir bilik əldə edə bilər. Ümumilikdə, proqram çərçivəsində 100 nəfər güzəştli şərtlərlə tədris almaq imkanını əldə edəcək.

Proqramda ali təhsili olmayan gənclər, qeyri-iqtisadi ali təhsil ocaqlarının tələbələri, həmçinin öz peşəsini dəyişib biznes karyeraya başlamaq istəyənlər iştirak edə bilər. Sözüedən proqramdan həmçinin biznes qurmaq üçün yetərli praktik biliyi olmayan və fəaliyyətə yenə başlamış sahibkarlar da faydalana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti