...

“Microsoft”: Onlayn risklərə ən çox 2000-ci illərin nəsilləri məruz qalır

Telekommunikasiya Materials 6 Fevral 2018 17:49 (UTC +04:00)
Ümumdünya təhlükəsiz internet günü münasibətilə “Microsoft” Korporasiyası onlayn risklərlə bağlı aparılmış qlobal tədqiqatın nəticələrini dərc edib.
“Microsoft”: Onlayn risklərə ən çox 2000-ci illərin nəsilləri məruz qalır

Bakı. Trend:

“Microsoft” onlayn-risklər tədqiqatının nəticələrini açıqlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, ümumdünya təhlükəsiz internet gününü qeyd etmək ideyası Avropa Komissiyasına məxsusdur. Baş əlaqələndirici - “Insafe” qeyri-hökumət təşkilatının iştirakçıları qlobal şəbəkədən təhlükəsiz istifadə etmək üçün alətlər hazırlayır.

“Microsoft” 14 ildir ki, Ümumdünya təhlükəsiz internet gününün fəal iştirakçısıdır. İstifadəçiləri təhlükəli nəticələrdən qorumaq və şəbəkədə qarşılıqlı hörmət səviyyəsini artırmaq məqsədilə, şirkət internet-risklər üzrə qlobal araşdırmalar aparır. Rəqəmsal mədəniyyət indeksi (DCI) istifadəçilərin həyatları boyunca nə qədər onlayn-risklərə məruz qaldıqlarını göstərir.

“Microsoft Azərbaican” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib: “Bu təşəbbüsün məqsədi – gündəlik həyatımıza daha aktiv daxil olan onlayn texnologiyalardan təhlükəsiz və məsuliyyətli istifadənin təbliğatıdır. Buna görə də şəbəkə təhlükəsizliyinin təmin edilməsi zəmanəmizin ən aktual tələbatıdır. Təhlükəsiz və pozitiv internet – təkcə xüsusi müdafiə proqramları deyil, həmçinin pozitiv məzmun bolluğu, adi internet istifadəçilərinin şəbəkə təhlükəsizliyi barədə biliyi və şəbəkədə davranış normaları haqda ictimayi fikirdir”.

Tədqiqatda 23 ölkənin internet istifadəçiləri iştirak edib. “Microsoft”un rəqəmsal mədəniyyət indeksi - sorğuda iştirak edən 13-17 yaş arası yeniyetmələrin və 18-74 yaş arası böyüklərin cavablarına əsaslanıb. Sorğu iştirakçıları hansı internet-risklərlə qarşılaşdıqları, belə halların nə vaxt və nə qədər təkrarlandığı, hansı nəticələr verdiyi və bu cür halların baş verməməsi üçün hansı tədbirlərin görülməsi barədə sualları cavablandırıblar. Ekspertlər istifadəçilərin 4 kateqoriya üzrə 20 internet-riskinə meyilliyini qiymətləndiriblər: davranış, nüfuz, seksual və arzuolunmaz əlaqə riskləri.

Məlum olub ki, tədqiqatda iştirak edən internet istifadəçilərin ⅔-i onlayn risklərlə qarşılaşıb – rəqəmsal mədəniyyət indeksi 65% təşkil edib. Nisbətən geniş yayılmış təhlükə - arzuolunmaz əlaqələr riski olmuşdur, belə ki, respondentlərin 41%-i şəbəkədə yalan, dələduzluq və fırıldaqçılıqla qarşılaşmışdır. Sorğu iştirakçılarının 21%-i kobud rəftarla bağlı risklər haqqında danışıb. Hər dördüncü internet istifadəçisi seksual xarakterli məlumat alıb. Nüfuz riskləri 9% təşkil etmişdir ki, bu da, ötən ilin tədqiqat nəticələri ilə müqayisədə bir neçə bal azalma deməkdir. İstifadəçilərin 45%-i internet-təhlükələrlə qarşılaşdıqları zaman yardım üçün hara müraciət edəcəklərini bildiklərini qeyd etmişlər.

Bundan başqa, respondentlərin 53%-i günahkarları real həyatda tanıdıqlarını etiraf edib. Sorğu iştirakçılarının 68%-i üçün isə internet-risklər xoşagəlməz nəticələnib – onlar nəinki şəbəkədə, hətta real həyatda da insanlara olan etimadlarını itiriblər.

“Microsoft”un tədqiqatının nəticələrinə əsasən müəyyən olunub ki, istifadəçilər şəbəkədə neqativ halların öhdəsindən gəlmək üçün yeni üsullar tapıblar. İstifadəçilərin böyük əksəriyyəti bildirib ki, onlar digər internet istifadəçilərinə hörmət və ləyaqətlə yanaşır, və münaqişələrdən qaçmağa çalışırlar. Tədqiqat onu da müəyyən edib ki, ən çox risklərə 2000-ci illərin nəsilləri məruz qalır – ilk olaraq bu istifadəçilər rəqəmsal aləmdə böyümüş və onların şəbəkədə tədqiqat və eksperimentlər üçün kifayət qədər zamanları olmuşdur. 50-74 yaş arasında olan internet istifadəçiləri isə təhlükələrlə daha az qarşılaşıb. Sözügedən yaş kateqoriyasına aid olan respondentlər şəbəkədə mədəni davranışın ən yüksək səviyyəsini nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti