Bakı. Trend:
Cari ilin iyun ayının 24-26 tarixlərində “Cybernet” şirkətinin baş direktoru İlham Namazov, biznesin inkişafı üzrə direktoru Fuad Əhmədov və biznesin inkişafı üzrə meneceri Vüsal Piriyev Rumıniyanın paytaxtı Buxarest şəhərinə işgüzar səfər edib.
Səfərin məqsədi Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı (EaP) çərçivəsində təşkil olunan 6-cı Şərq Tərəfdaşlığı Biznes Forumunda iştirak etmək olub. Səfər və sözügedən tədbirdə iştirak Azərbaycandan olan və İKT sahəsini təmsil edən digər şirkət və təşkilatların nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çərçivəsində baş tutub.
250-dən artıq iştirakçının qatıldığı forumun auditoriyası Avropa Birliyi ölkələrinin, eləcə də “EaP” proqramının tərəfdaş ölkələrinin biznes, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət olmuşdur. Avropa Şərq Tərəfdaşlığı proqramının 10 illiyinə həsr olunmuş builki biznes forumda başlıca diqqət iş dünyasının, xüsusilə də kiçik və orta sahibkarlığın üzləşdiyi müasir çağırışlar mövzusuna yönəldilmişdir. Forumun gündəliyinə EaP ölkələri arasında ticari və iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi, investisiya və biznes mühitinin təkmilləşdirilməsi, həmçinin 4-cü sənaye inqilabı və elektron ticarət kimi mühüm mövzular daxil edilmişdir.
Forumda iştirak əsnasında “Cybernet” şirkətinin nümayəndələri çoxsaylı ikitərəfli görüşlər keçirib, həm dövlət sektorundan, həm də işgüzar dairələrdən olan tərəf müqabilləri ilə faydalı müzakirələr aparıblar. Aparılmış danışıqlar nəticəsində bir sıra xarici şirkətlərlə potensial tərəfdaşlıq istiqamətlərini əhatə edən ilkin razılıqlar əldə edilmiş və bu sahədə birgə fəaliyyəti gücləndirmək məqsədilə əlaqələrin davam etdirilməsi qərara alınmışdır.
Avropa Şərq Tərəfdaşlığı (EaP) – Avropa Birliyinə daxil olan ölkələri, eləcə də Avropa İttifaqına qonşu olan altı ölkəni – Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusu əhatə edən birgə təşəbbüsdür. Bu proqramın məqsədi tərəfdaş ölkələrlə Avropa Birliyi arasında idarəetmə və iqtisadi sahədə inteqrasiyanın və əməkdaşlığın gücləndirilməsinə nail olmaqdan ibarətdir. EaP proqramı çərçivəsində baş tutan Şərq Tərəfdaşlığı Biznes Forumu əldə edilmiş nailiyyətlərin biznes icmaları prizmasından qiymətləndirilməsi və iştirakçı ölkələr arasında qarşılıqlı iqtisadi münasibətlərin təşviq edilməsi məqsədilə təşkil edilən ənənəvi beynəlxalq platformadır.
“Cybernet” MMC haqqında:
2004-cü ildə yaradılmış “Cybernet” MMC Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl həll təminatçılarından biridir. Şirkət dövlət qurumları və özəl müəssisələr üçün IT infrastrukturların yaradılması, texnoloji həll və yeniliklərin tətbiqi, istənilən mürəkkəblik səviyyəsinə malik proqram təminatının yazılması istiqamətlərində fəaliyyət göstərir. Cybernet şirkəti Azərbaycanda dövlət xidmətlərinin avtomatlaşdırılması və elektron xidmətlərin yaradılmasında böyük rol oynamışdır. Şirkət 2007-ci ildə “İntellekt” mükafatı, 2010-cu ildə yubiley medalı ilə təltif olunmuş, 2013-cü ildə “İlin İT şirkəti” seçilmişdir.