Bakı. Trend:
Anomaliyaların aşkarlanması sistemi olan Kaspersky MLAD* Almaniyanın Computer & Automation Magazine jurnalının oxucularının rəyinə görə 2022-ci ildə avtomatlaşdırma sənayesində trendləri müəyyən edəcək ən innovativ və ən faydalı üç məhsuldan biri seçilib. Kaspersky-nin bu həlli “Texnoloji təhlükəsizlik” kateqoriyasında namizəd göstərilib. Mükafat üçün namizədlərin qısa siyahısına ilk olaraq daxil edilib. Bu kateqoriya üzrə namizədlər arasında proqram təminatının müdafiəsi və lisenziyalaşdırılması, kibertəhdidlərin təhqiqatı və kriminalistikası, təhlükəsizliyin monitorinqi sahəsini təmsil edən səkkiz başqa məhsul, həmçinin şəbəkələrarası ekranlar, daxiletmə modulları və qəza əleyhinə müdafiə kilidləri də olub.
Avadanlıqların nasazlığı və ya kiberinsidentlər səbəbindən meydana çıxan planlaşdırılmamış fasilələr sənaye şirkətlərinə baha başa gəlir. Kaspersky-nin qiymətləndiməsinə görə, fasilə müddətinin 50% azaldılması nəticəsində böyük elektrik stansiyası ildə 1 milyon dollar, neft emalı zavodu isə təxminən 2,5 milyon dollara qədər vəsaitə qənaət edə bilər. Təəssüf ki, bu cür uğursuzluqlara səbəb olan problemləri əvvəlcədən aşkar etmək bəzən çətin olur. Kaspersky MLAD sistemi istehsalçılara məhz bu problemləri erkən mərhələdə aşkarlamağa və aradan qaldırmağa kömək etmək üçün hazırlanıb. Məhsul avadanlıq sensorlarından ötürülən telemetriyanı təhlil edən maşın öyrənmə alqoritmləri ilə təchiz olunub və anomaliyaların ətraflı təhlili üçün çoxfunksiyalı qrafik interfeysə malikdir.
“Biz məhsulumuzla fəxr edirik və müştərilərimizə, həmçinin Computer & Automation Magazine jurnalının redaksiyası və oxucularına seçim və etibarlarına görə minnətdarıq. Kaspersky MLAD-ın müxtəlif komponentlərini müştərilərimizin ehtiyaclarına uyğunlaşdırmağa və sənaye obyektlərinin maksimum mühafizəsini təmin etmək üçün təkmilləşdirməyə davam edəcəyik”, deyə Kaspersky-nin Perspektivli Texnologiyalar şöbəsinin rəhbəri Andrey Lavrentyev qeyd edib.
Kaspersky-nini innovativ Kaspersky MLAD yanaşması həmçinin ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi tərəfindən təsdiqlənib. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://mlad.kaspersky.ru/.
* Kaspersky Machine Learning for Anomaly Detection