Bakı. Trend:
Xiaomi-nin Rusiya və MDB ölkələri üzrə PR xidmətinin rəhbəri Yevgeni Mosunovla müsahibə
Bu gün Baku Fashion Expo 2022 çərçivəsində beynəlxalq Xiaomi şirkətinin dəstəyi ilə məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl tərəfindən yaradılmış Haute Couture Xarıbülbülün yeni kolleksiyası nümayiş olunacaq. Həmçinin tədbir çərçivəsində dəbli smartfonların yeni seriyası - Xiaomi 12 təqdim olunacaq. Dəbli yeni smartfon, Azərbaycanda satış üzrə bestsellerlər, R.İsmayılla əməkdaşlıq və digər məsələlər barədə Trend.az-a müsahibəsində Xiaomi-nin Rusiya və MDB ölkələri üzrə PR xidmətinin rəhbəri Yevgeni Mosunov məlumat verdi.
- Yevgeni, Xiaomi smartfonları Azərbaycanda nə dərəcədə populyardır? Hazırda Azərbaycan bazarında ən çox satılan modellər haqqında məlumat verərdiniz.
- Xiaomi smartfonlarının Azərbaycan bazarında populyarlığı artmaqda davam edir və biz rəsmi kanallarda satışların artmasını həvəslə qeyd edirik. Hit modellərə gəlincə, orta büdcəli seqment hələ də ən populyardır. Bu il Redmi Note 11 seriyası Azərbaycan bazarında bestsellerlər sırasındadır.
- Azərbaycanda Xiaomi smartfonlarının potensial istifadəçiləri kimlərdir? Onların yığcam obrazını təsvir edərdiniz.
- Azərbaycandakı Xiaomi auditoriyası digər ölkələrdəki fan-bazamızdan çox da fərqlənmir: bunlar artıq ödəniş etmədən ən son texnologiyalara çıxış əldə etmək istəyən insanlardır. Bu istifadəçilər bazardakı təklifləri müqayisə edərək bizim cihazlarımızın pul və dəyər baxımından ən yaxşı seçim olduğuna dair məntiqi nəticəyə gəldikdən sonra şüurlu şəkildə seçim edirlər. Bundan əlavə, Xiaomi-ni seçməklə onlar bilirlər ki, smartfon təkcə ünsiyyət üçün cihaz deyil, həm də qurmağa davam etdiyimiz ağıllı ev kainatının açarıdır.
- Bəs sizin yeni Xiaomi 12 smartfonunuz ilk növbədə kimlər üçün yaradılıb? Onun əsas xüsusiyyətləri və üstünlükləri hansılardır?
- Xiaomi 12 gözəlliyi qiymətləndirənlər üçün yaradılıb. Birincisi, bu smartfon zərif görünür və siz onu əlinizdən buraxmaq istəmirsiniz. İkincisi, bu məzmun yaratmaq və onlara baxmaq üçün əla vasitədir. Onun kamera sistemi sizə HARMAN KARDON mütəxəssisləri ilə birgə yaradılmış mükəmməl displey və stereodinamiklər sayəsində tam həzz alacağınız foto və videoşedevrlər yaratmağa imkan verir. Bundan əlavə, biz yığcam korpuslu flaqman cihazı əldə etmək istəyən bir çox istifadəçinin istəyini yerinə yetirmişik. Xiaomi 12 həqiqətən də ələ mükəmməl oturur və onu bir əllə istifadə etmək rahatdır.
- Xiaomi 12-nin təqdimatı dünya şöhrətli dizayner Rüfət İsmayılın yaratdığı yeni Haute Couture-in “Xarı Bülbül” kolleksiyasının nümayişi çərçivəsində baş tutacaq (tutdu). Niyə bu formatı və R.İsmayılı seçməyə qərar verdiniz?
- Biz Xiaomi-də özümüzü qlobal-yerli şirkət hesab edirik. Bir tərəfdən dünyanın 100-dən çox ölkəsində işləyirik, digər tərəfdən isə hər bir ölkədə yerli cəmiyyətin bir hissəsi olmağa çalışırıq. Biz hər kəsdən çox yerli mədəniyyətə hörmət göstərmək və şirkətimizə sevgisini göstərənlərə qarşılıq vermək istəyirik. Ona görə də Azərbaycanı bütün planetdə şöhrətləndirməyi bacaran yaradıcı bir insana dəstək olmaq fürsətini qaçıra bilməzdik. Rüfət İsmayılın yeni kolleksiyası, yeni Xiaomi 12 kimi, şübhəsiz ki, auditoriya tərəfindən rəğbətlə qarşılanacaq və gənc rəssamları yaradıcılığa ruhlandıracaq. Bu təsirli prosesin bir hissəsi olmaq şansımız varsa, deməli hər şey əbəs deyildi.
- Smartfonlar çoxdan təkcə ünsiyyət vasitəsinə, gündəlik həyatımızın ayrılmaz hissəsinə deyil, həm də gözəl və dəbli aksesuara çevrilib - razısınızmı? Xiaomi 12 də məhz belə bir telefondur. Sizcə, o, mövsümün olmazsa olmaz yeniliyinə çevriləcəkmi?
- Təbii ki, daim göz önündə olan smartfon obrazın mühüm elementi olmaya bilməz. Xiaomi 12-nin xarici görünüşünü tərtib edərkən hər zaman bu barədə düşünürdük. Deyə bilərəm ki, bu smartfon dizaynerlərin mühəndislər üzərində qələbəsinin nəticəsidir. Amma reallıq ondan ibarətdir ki, o, həm xaricdə, həm də daxildə eyni dərəcədə gözəldir. O, yalnız görünüşü ilə deyil, həm də performansı ilə heyran edəcək.
- Yeni məhsulların bazara çıxarılması ilə əlaqədar alıcılar üçün hər hansı xüsusi aksiya (xüsusi təklif) nəzərdə tutulubmu? Xiaomi 12 üçün qiymət diapazonu necədir?
- Azərbaycanlı alıcılar artıq bu ilin may ayından Xiaomi 12 almaq imkanı əldə ediblər. Lakin xatırlatmaq istərdim ki, bu seriyaya istənilən cib üçün və istənilən ehtiyaclar üçün nəzərdə tutulmuş bir sıra smartfonlar daxildir. Məsələn, Xiaomi 12X modeli daha sərfəli qiymətə təklif olunur və smartfonun dizaynını onun performansından daha çox qiymətləndirənlər üçün nəzərdə tutulub. Yeri gəlmişkən, sizə bir sirri açım ki, tezliklə bu kult xəttində daha bir model peyda olacaq.
- Xiaomi 12-nin Azərbaycanda satışa çıxmasını hansı gözləntilərlə əlaqələndirirsiniz?
- Ümid edirik ki, Xiaomi 12 istifadəçilərin flaqmanlar haqqında təsəvvürünü dəyişəcək. Smartfonu sosial şəbəkə vasitəsi kimi qəbul edən insanlar məzmun yaratmağın çox asan və zövqlü ola biləcəyini öyrənəcəklər. Yüksək performans həvəskarları isə barışmaz gücün vizual estetika ilə birlikdə irəliləyə biləcəyini görəcəklər. Bundan əlavə, bir vacib detala da diqqət çəkmək istəyirəm: Xiaomi 12 dəstdə şarj cihazı ilə birlikdə təqdim olunur!