Bakı. Trend:
“mygov” platformasında yeni "Ailə vəziyyəti haqqında arayış” ( Subaylıq haqqında arayış) xidməti istifadəyə verildi. Bu yenilik sayəsində vətəndaşlar rəsmi olaraq ailə vəziyyətinin subay olduğunu təsdiq edən sənədi tam rəqəmsal formada əldə edə biləcəklər.
Bu barədə Trend-ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidən məlumat verilib.
Bildirilib ki, “Ailə vəziyyəti haqqında arayış” (Subaylıq haqqında arayış) yeni nikaha daxil olarkən, xaricdə nikah bağlayarkən, mülki-hüquqi məsələlərdə (məsələn, vərəsəlik və ya immiqrasiya prosedurlarında), xarici ölkələrdə vətəndaşlıq və ya daimi yaşayış icazəsi üçün müraciət edərkən tələb oluna bilər.
Qeyd edək ki, xidmətin “mygov” platformasına inteqrasiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilib.
Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:
-Vətəndaş “mygov” platformasına giriş edərək “Xidmətlər” bölməsindən "Subaylıq haqqında arayış" xidmətinə daxil olur;
-"Yeni müraciət" düyməsinə klik edir;
-Arayışın təqdim olunacağı yeri seçir: ölkə və ya səfirlik;
-Siyahıdan uyğun ölkəni və ya səfirliyi seçir;
-Əlaqə nömrəsini və elektron poçt ünvanını daxil edir;
-Qeyd bölməsinə əlavə məlumat yazır (İstəyə bağlı olaraq);
-Daxil edilmiş məlumatları təsdiqləyir;
-Yekunda sorğu Ədliyyə Nazirliyinə yönləndirilir
Sənəd hazır olduqdan sonra istifadəçi “mygov” platformasının “Tarixçə” bölməsindən "Sənədə bax" düyməsinə klik edərək arayışı əldə edə bilər. “Ailə vəziyyəti haqqında arayış”ın (Subaylıq haqqında arayış) alınması üçün dövlət rüsumu tələb olunmur.
"Bu yeniliyə qədər vətəndaşlar subaylıq haqqında arayışı əldə etmək üçün fiziki xidmət mərkəzlərinə və qeydiyyat şöbələrinə şəxsən müraciət etməli, bir sıra inzibati prosedurlardan fiziki olaraq keçməli idilər. Yeni rəqəmsal yanaşma bu prosesi tam elektronlaşdıraraq vətəndaşlara maksimum rahatlıq təmin edir, onların vaxt və resurs itkisinin qarşısını alır, dövlət xidmətlərindən istifadədə çevikliyi və əlçatanlığı artırır", - deyə məlumatda qeyd olunub.