Bakı.Trend
“IT SkillSprint” beynəlxalq təhsil proqramı intensiv təlim və inkişaf proqramının nümunəsidir.
Trend xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov “IT SkillSprint” proqramının açılış mərasimində deyib.
Agentlik sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən 11 fevral tarixində keçirilən və rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovativ ekosistemin inkişafına həsr olunmuş müşavirədə bu istiqamətdə mühüm tapşırıqlar verilib.
“Yeni rəqəmsal inkişaf arxitekturasında ən vacib elementlərdən biri güclü insan kapitalıdır. Rəqəmsallaşma yalnız texnoloji infrastrukturun qurulması və ya tətbiqlərin hazırlanması deyil. Əsas məsələ həmin texnologiyaları yaradan, inkişaf etdirən, davamlı şəkildə idarə edən bilikli, bacarıqlı və yüksək ixtisaslı insan resurslarının formalaşdırılmasıdır. Bu gün insan kapitalı strateji inkişafın fundamental dayağıdır. Məhz bu məqsədlə İRİA dövlət qurumları ilə birgə bu proqramı ərsəyə gətirib”.
F.Osmanov qeyd edib ki, rəqəmsallaşma dövründə yalnız nəzəri biliklər deyil, praktik bacarıqların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Real layihələrdə və simulyasiya mühitlərində iştirak tələbələrin əmək bazarına hazır şəkildə çıxmasına imkan yaradır.
“Ötən dövrdə 10 mindən artıq tələbə müxtəlif təlim proqramlarına cəlb edilərək əmək bazarına təqdim olunub. Bəzi tərəfdaşlıq layihələrimizdə işə qəbul göstəricisi artıq 90 faizə çatır.
“IT SkillSprint” proqramı proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt və "DevOps" və infrastruktur kimi əsas istiqamətləri əhatə edir. Altı ay davam edəcək proqram fevral ayında başlayaraq iyul ayına qədər davam edəcək. Dövlət qurumlarının və universitetlərin dəstəyi ilə kreditlərin qarşılıqlı tanınması imkanı yaradılıb. Məqsədiniz maksimum dərəcədə təlimə fokuslanmaq və təqdim olunan nəzəri və praktik biliklərdən tam yararlanmaq olmalıdır”.
