...

Oktyabrda Paris məhkəməsi Malta "FIMbank"ının işi üzrə Azərbaycan tərəfinin müraciətinə baxacaq

Telekommunikasiya Materials 16 Sentyabr 2006 13:15 (UTC +04:00)

Paris məhkəməsi Malta "FIMbank"nın işi üzrə Azərbaycan tərəfinin müraciətinə oktyabrda baxacaq. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, dəqiq tarix hələ müəyyən olunmayıb.

2004-cü ilin iyulunda Maltanın "First International Merchant (FIM) Bank"ı Azərbaycan hökumətinə qarşı guya Rabitə Nazirliyi və "Pochtbank" SKB-nin zəmanəti ilə Rabitə Nazirliyinin mövcud olmayan "Aztell" və "Baktell" müəssisələrinə müvafiq olaraq $3035000 və $1560000 məbləğində ayrılmış kreditin ödənilməməsi faktı ilə bağlı iddia qaldırıb. Və bank iddia ərizəsini habelə Parisə göndərdiyindən məhkəmə bankın xeyrinə hökm çıxarıb və Fransanın "Eutelsat S.A" şirkətinə Azərbaycanın yatırdığı 500 min səhminə və onların $1 mln-dan çox dividendinə qadağa qoymaqla bankın iddiasını təmin edib.

Bankın digər vəsadətinə əsasən, məhkəmə bu vəsaitlərin xüsusi hesabda girov saxlanılması ilə bağlı qərar çıxarıb. Bu isə o deməkdir ki, məhkəmənin son hökm çıxaracağı təqdirdə Paris məhkəməsinin 6,5 mln. avro dəyərində qiymətləndirdiyi bu vəsaitlər avtomatik olaraq xeyrinə hökm çıxarılmış ölkənin balansına keçəcək.

"Azərbaycan tərəfinin müraciəti məhz hesabla bağlı məhkəmənin qərarına xitam verilməsinə nail olmaqdan ibarətdir ", - deyə nazirlikdə vurğulayıblar. Bu məsələnin iki həll variantı var: Paris məhkəməsi yalnız Rotterdam məhkəməsinin son qərarından sonra hökm çıxara bilər və ya Azərbaycan tərəfinin təqdim etdiyi sənədlərə istinad edərək özü bu problemə yenidən baxa bilər.

Rotterdam məhkəməsində də vəziyyət tam müəyyənləşməyib. 2006-cı ilin noyabrından 2007-ci ilin yanvarınadək olan müddətə növbəti iclasın tarixi müəyyənləşəcək. İclasda bu işdə adı hallandırılan şahidlərin ifadələri dinləniləcək.

Hökumətin bu işdə əli olmadığını təsdiqləyən sənədləri sonuncu dəfə Azərbaycan bu ilin yanvarında təqdim edib.

Xəbər lenti

Xəbər lenti