Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ İran telekanallarının Azərbaycanın sərhədyanı bölgələrində efir məkanına daxil olması məsələsi yaxın zamanlarda həll olunacaq. Bu barədə Bakıda Kompyuter və informasiya texnologiyaları üzrə CeBiTCiS birinci beynəlxalq sərginin açılışında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Sərgidə dünyanın 14 ölkəsindən 112 şirkət iştirak edir ki, bunların da təqribən 70-i Iran şirkətləridir.
Onun sözlərinə görə, bu məsələ İranın teleyayım şirkəti ilə fevralda imzalanmış protokol əsasında qısa zamanda həll olunacaq.
Protokola əsasən, tərəflər teleradioyayımı koordinasiya etmək, stansiyaların texniki göstəricilərinin mübadiləsini həyata keçirmək, göstəriciləri Beynəlxalq Telekommunikasiya Birliyi ilə razılaşdırmaq üçün birgə işçi qrupu yaradılması barədə razılığa gəliblər.
Nazir bildirib ki, bu məsələ üzərində ölkələrin ekspertləri işləyir.
"Bu, texniki məsələdir və hesab edirəm ki, qısa zamanda hər bir ölkə tərəfindən sərhədyanı zonalarda teleradio ötürücülərinin BTB standartları üzrə lazımı texniki səvviyyədə quraşdırılması ilə həll olunacaq",-deyə nazir bildirib.