...

"Şahdağ"da qiymətlər 15 faiz endirilib (FOTO)

Turizm Materials 14 Dekabr 2019 13:06 (UTC +04:00)
Qonaqların şərhlərinə hər zaman diqqət edirik
"Şahdağ"da qiymətlər 15 faiz endirilib (FOTO)

Qusar. İlhamə İsabalayeva - Trend:

Qonaqların rəylərinə hər zaman diqqət edirik. Bunu nəzərə alaraq, qiymət strategiyasında optimallaşma həyata keçirdik. Ötən illə müqayisədə bu il əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib.

Trend-in məlumatına görə, bunu qış turizm mövsümünün açılışı münasibətilə keçirilən mətbuat konfransında "Şahdağ" Turizm Mərkəzinin sədri Rodderix Leffler deyib.

Onun sözlərinə görə, istər yerli, istərsə də xarici turistlərin qış turizminə marağının artdığı müşahidə olunur. Dövlət Turizm Agentliyi yalnız Quba, Qusarda deyil, bütün ölkədə turizmin inkişafı üçün böyük işlər görür:

"Çox sevinirik ki, qış mövsümü üçün xidmətlərin sırasına əlavə xidmətlər, məsələn, "avtoxizək" xidməti əlavə etmişik. Biz bu gün son 6 ildə ilk dəfə olaraq, 6 sürüşmə zolaqlarının hamısını aktiv etmişik. Bu, əvvəlki illərdə havanın temperaturuna görə mümkün olmamışdı".

R.Leffler əlavə edib ki, yeni əyləncələr hesabına yaxın həftələrdə "Şahdağ"a gələn turistlərin sayında ötən illərlə müqayisədə 5 faizə yaxın artım olacağı gözlənilir.

Mərkəz sədri əlavə edib ki, turistlərin təhlükəsizliyi çox önəmlidir:

"Müxtəlif fövqəladə hallar üzrə proqramımız, treninqlərdən keçmiş peşəkar işçilərimiz var. 7 gün, 24 saat çalışan klinikamız var. Bu klinikada yalnız təməl ehtiyaclar ödənilmir. Burada, hətta cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Onu da qeyd edim ki, xizək sürmək üçün keçid kartları alınan zaman artıq turistlər sığortalanır".

R.Leffler Azərbaycanda qış idmanının populyarlaşdığını qeyd edib.

O əlavə edib ki, "Şahdağ"a yerli turistlər daha çox gəlir: "Amma qonşu ölkələrdən də turistlər gəlir. Rusiya, Qazaxıstan və digər yaxın ölkələrdən buraya turistlər gəlirlər. Daha sonrakı yerləri isə Avropa ölkələri tutur".

R.Leffler deyib ki, hazırda mərkəzin 300-dən artıq qarlandırma avadanlıqları var və bütün xizək zolaqları bu avadanlıqlarla əhatə olunub.

Mərkəz sədri gələn turistlərin rahatlığının təmini üçün "Şahdağ" yaxınlığında SOCAR-ın yanacaq doldurma məntəqəsinin tikildiyini də söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti