Bakı. Trend:
Hindistanla turizm üzrə əməkdaşlıq perspektivləri iyulun 20-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan arasında keçirilən görüşdə müzakirə olunub.
Trend xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf
perspektivləri, qarşılıqlı tanıtım tədbirləri, ölkəmizdə
Hindistanlı turistləri cəlb edən mədəni-tarixi amillər, son
dövrlərdə Hindistanlı turistlərin Azərbaycana səfərlərinin
intensivləşməsi, birbaşa uçuşların sayının artırılması məsələləri
müzakirə olunub. Həmçinin qeyd olunub ki, cari ilin avqust ayından
etibarən “IndiGo Airlines” aviaşirkəti tərəfindən Hindistandan
Azərbaycana birbaşa uçuşların həyata keçirilməsi
planlaşdırılır.
Qeyd edək ki, 2023-cü ilin I yarımilliyində Hindistandan
Azərbaycana 47 670 nəfərdən çox xarici ziyarətçi səfər edib ki, bu
da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox, 2019-cu ilin
eyni dövrü ilə müqayisədə isə 1.7 dəfə artım deməkdir.
Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş
“e-visa” sistemi tətbiq olunur. Hazırda Delhi-Bakı-Delhi
istiqamətində "Azərbaycan Hava Yolları" tərəfindən birbaşa uçuşlar
həyata keçirilir.