...

Suriyanın son şansı

Nəzər nöqtəsi Materials 3 Noyabr 2011 16:58 (UTC +04:00)
Hər nə qədər gözlənilməz olsa da, Suriya hökuməti ölkədə səkkiz aydır davam edən qanlı toqquşmaların dayandırılması üçün Ərəb Ölkələri Liqasının təqdim etdiyi planı qəbul etdi.
Suriyanın son şansı

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Hər nə qədər gözlənilməz olsa da, Suriya hökuməti ölkədə səkkiz aydır davam edən qanlı toqquşmaların dayandırılması üçün Ərəb Ölkələri Liqasının təqdim etdiyi planı qəbul etdi.

Suriya hökuməti ilə Liqa arasında olan razılaşmaya əsasən, tez bir zamanda ölkədəki qanlı toqquşmalara son qoyulmalı, baş verən kütləvi iğtişaşlar zamanı həbs edilən müxalifətçilər sərbəst buraxılmalı, ordu şəhərlərdən geri çəkilməli və Liqanın Suriyada baş verən hadisələri araşdırması üçün şərait yaradılmalıdır.

Əslində Suriyada baş verən hadisələrə NATO-nun müdaxilə etməyəcəyi, ölkədə İran amilinin, digər ərəb ölkələri və Türkiyənin maraqlarının olması nəzərə alınarsa, rəsmi Dəməşqin Ərəb Liqasının tələblərini tam olaraq yerinə yetirəcəyi və müxalifətin bundan sonra sakitləşəcəyi bir o qədər də inandırıcı deyil.

Hətta bu ilin avqustunda Suriya hökuməti 15 gün ərzində toqquşmalara son qoyulacağı ilə bağlı Türkiyəyə söz versə də, daha sonra ordu müxalifətə qarşı daha sərt mübarizəyə başladı.

Digər tərəfdən, Suriya hakimiyyəti ölkədəki müxalifətin siyasi tələblərinin əsassız olduğunu və kütləvi iğtişaşlara xaricdən maliyyə dəstəyi verildiyini bildirib.

"Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanının qeyri-rəsmi yollarla Suriyadakı terrorçulara maddi dəstək verdiyini bilirik", - Suriya xarici işlər nazirinin köməkçisi Feysəl Miktad açıqlamasında bildirib. XİN rəsmisi Liviya ssenarisinin Suriyada təkrarlanmayacağını da qeyd edib.

Bir çox analitiklər Dəməşq ilə Ərəb Ölkələri Liqasının razılaşmasının toqquşmaların dayanmasına təkan verəcəyini düşünsələr də, əslində Suriya üçün əsl problem bundan sonra başlayacaq.

Ərəb Liqası ilə Dəməşq arasında razılaşmanın səhəri günü isə ölkənin Hums şəhərində toqquşmalar zamanı 13 nəfər qətlə yetirildi. İmzalanan razılaşmaya baxmayaraq, qan tökülməsindən sonra müxalifətin tələblərindən əl çəkəcəyi inandırıcı deyil.

Digər bir tərəfdən isə həbs edilənlərin sərbəst buraxılması ilə Dəməşqdə sabitliyin bərpa ediləcəyi də şübhə altındadır. Çünki həbs edilən müxalifət üzvlərinin azadlığa buraxılması müxaliflər tərəfindən dövlətin aciz olması kimi qəbul ediləcək, yeni və daha ciddi etiraz aksiyalarına səbəb olacaq.

Ərəb Liqasının Dəməşqlə imzaladığı və Suriyanın son şansı hesab edilən razılaşma ölkədə stabilliyin bərpasına yönəlsə də, ölkədəki mövcud vəziyyət bu planın baş tutmayacağını söyləməyə əsas verir.

Xəbər lenti

Xəbər lenti