...

İrana qarşı "ərəb xilafəti"

Nəzər nöqtəsi Materials 16 May 2012 15:35 (UTC +04:00)
Fars körfəzi ölkələrinin İranın regionda artan nüfuzundan və təsir dairəsindən hər zaman ehtiyat etmələri əslində yeni bir şey deyil. Körfəzin ərəb ölkələri İranın regiona təsirinin qarşısını almaq üçün ciddi addımlar atıblar.
İrana qarşı "ərəb xilafəti"

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Fars körfəzi ölkələrinin İranın regionda artan nüfuzundan və təsir dairəsindən hər zaman ehtiyat etmələri əslində yeni bir şey deyil. Körfəzin ərəb ölkələri İranın regiona təsirinin qarşısını almaq üçün ciddi addımlar atıblar.

Belə ki, "ərəb baharı"nın başlanması ilə bir çox ərəb ölkələrində ciddi siyasi təlatümlər meydana gəldi. Sırf "xalqın iradəsi" ilə həyata keçirilən inqilabların demək olar ki, hamısında region dövlətlərinin maraqlarının olması da istisna edilmir.

Xüsusən də İran, Səudiyyə Ərəbistanı və Türkiyənin maraqları, qeyri-rəsmi olsa belə, hər zaman gündəmdə olub və adıçəkilən ölkələrdən Səudiyyə Ərəbistanı istisna olmaqla digərləri daha ciddi iddialar səsləndiriblər.

Ərəb ölkələrində baş verən siyasi təlatümlər Ankaraya görə demokratiyanın zühuru, Tehrana görə isə İrandakı İslam inqilabından ilham alan islamlaşma prosesinin başlanmasıdır. Ən maraqlısı isə kökündə iqtisadi amillərin olduğu önə çəkilən "ərəb baharı"nın əhalisinin 75 faizi şiə olan, lakin iqtisadi cəhətdən bir o qədər də zəif olmayan Bəhreynə sıçraması oldu. Səudiyyə Ərəbistanına görə Bəhreyndə "ərəb baharı" deyil, "İran inqilabı" baş verirdi.

Təbii ki, Səudiyyə Ərəbistanı gözləmə mövqeyini seçmədi və 2011-ci ilin mart ayında Bəhreyndəki "İran İslam inqilabı"nın qarşısını almaq üçün "qardaş" ölkəyə hər cür dəstək verdi. Bu isə regionda bir medalyonun iki fərqli üzü hesab edilən İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə dolayı olsa da, öz əksini tapmaya bilməzdi.

Səudiyyə Ərəbistanının bu addımı ilə Bəhreyndə sabitliyin bərpa edildiyi düşünülsə də, ölkədə nə xalq hərəkatı səngidi, nə də körfəz dövlətlərinin iddiasına görə, fars dövlətinin ərəb ölkələrinin daxili işlərinə müdaxiləsi bitdi.

Dünən isə Səudiyyə Ərəbistanı ilə Bəhreyn Krallığı iki ölkənin "Körfəz dövlətləri birliyi" daxilində birləşdirilməsinə dair razılığa gəldilər. Bəhreyn rəsmiləri açıqlamalarında sözügedən ölkələrin BMT-nin üzvü olaraq qalacağını, öz müstəqilliyini qoruyacağını, bununla yanaşı, xarici siyasət, təhlükəsizlik, müdafiə və iqtisadi baxımdan birgə qərarlar qəbul edəcəyini bildirdilər.

İlk baxışdan siyasi və iqtisadi baxımdan bir o qədər də ciddi görünməyən bu qərarın arxasında isə heç şübhəsiz ki, Bəhreyndəki şiə amilindən ustalıqla istifadə edən İrana qarşı birgə mübarizə durur. Bu fakt İranın diqqətindən qaça bilməzdi və rəsmi Tehran ər-Riyadı yürütdüyü siyasətdən dolayı tənqid etməklə yanaşı, ölkəni "ərəb baharı" ilə hədələdi.

İran parlamentinin spikeri Əli Laricani verdiyi açıqlamada Bəhreynin Səudiyyə Ərəbistanı üçün "rahat tikə" olmadığını bildirdi.

İslam Respublikası parlamentinin qəbul etdiyi müraciətdə Səudiyyə Ərəbistanının işğalçı siyasətinin Bəhreyndə xalqın rifahını pozacağı qeyd olunur. Ən maraqlı bəyanatla Zahidandan olan millət vəkili Əli Şəhriyarı çıxış edərək, Bəhreynin İranın 14-cü əyaləti olduğunu və onun Səudiyyəyə deyil, İrana birləşdirilməsinin daha doğru olduğunu bildirib.

Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında olan bu müqavilənin nəticəsini böyük ehtimalla yaxın vaxtlarda görmək mümkün olacaq. Lakin bu o demək deyil ki, Tehran "şiə ayparası"ndan ehtiyatlanan ərəb ölkələri qarşısında səssiz qalacaq.

Hər nə qədər inkar edilsə də, Yaxın Şərqdə və ərəb ölkələrində baş verən proseslərdə İslam və məzhəb amili faktı dayanır.

Ərəb dünyasında baş verən hadisələrin, xüsusən də Suriyadakı toqquşmaların uzanması və İranın bu məsələdə öz maraqlarından çıxış etməsi toqquşmaların gec-tez axarını dəyişərək məzhəblərarası toqquşma ilə nəticələnəcəyini söyləməyə əsas verir.

Hətta artıq Rusiya və Türkiyənin dövlət rəsmiləri də regionda baş verənlərin məzhəblərarası toqquşmaya çevriləcəyindən ehtiyatlandıqlarını bildiriblər.

Bir çox sünni ərəb dövlətlərinin regionda şəxsi maraqlarını, hətta öz varlıqlarını qorumaq üçün tez bir zamanda İrana qarşı daha ciddi addımlar atacağı, islam amilindən istifadə edərək "cihad" elan edəcəyi də ehtimallar arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti