Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri
Ərəb dünyasında ciddi siyasi dəyişikliklərə səbəb olan "Ərəb baharı"nı dəstəkləyən ölkələrdən biri də regionun super dövlətlərindən olan Türkiyə və İran oldu.
İran rəsmiləri Tunisdə başlayan, daha sonra Misir və Liviyanı əhatə edən "Ərəb baharı"nın İran İslam inqilabından qaynaqlandığını dilə gətirdilər. Suriyada "Ərəb baharı"na gəlincə isə, həm Suriya, həm də İran rəsmiləri bunun İsrailin maraqlarına xidmət etdiyini bəyan etdilər.
Ankaranın mövqeyinə gəlincə, Türkiyə rəsmilərinin fikrincə, "Ərəb baharı" regionun demokratikləşməsi zərurətindən doğan və sadəcə ərəb dövlətlərinə xas bir siyasi prosesdir.
"Ərəb baharı"nın Suriyada sonra qonşu dövlətlərə, xüsusən də Livana sirayət edəcəyi istisna edilmir.
Regionun etnik və dini baxımdan müxtəlifliyi nəzər alınsa, baş verən hadisələrin fonunda regionda yeni "oyunçular"ın da peyda olduğunu görmək olar. Belə ki, Suriya münaqişəsinin uzanması ilə regionda gündəmə gələn siyasi proseslərdən biri də kürd məsələsinin daha ciddi şəkildə qabardılması oldu. Regionda kürd məsələsinin gündəmə gəlməsi ilə İraqın şimalındakı kürd administrasiyasının daha da siyasi aktivlik nümayiş etdirməsinin şahidi olmaq olar.
Bütün bunlarla bərabər, Suriya hadisələrindən sonra Türkiyə daxilində PKK terror təşkilatının aktivləşməsi ilə yanaşı, kürd yönlü BDP-nin (Barış və Demokratiya Partiyası) ideyalarını siyasi arenada daha qəti şəkildə ifadə etdiyini görmək olar.
Türkiyə hökumətinin PKK terrorçularının məhv edilməsi istiqamətində hərbi əməliyyatları aktivləşdirməsi və təbliğat xarakterli işlər aparmasına baxmayaraq, aparılan işlər, demək olar, bir o qədər də səmərəli olmur. Türkiyədə PKK terrorçularının aktivləşməsi fonunda ən maraqlı məqamlardan biri də özlərini kürdlərin siyasi maraqlarının təminatçısı kimi qələmə verən BDP-nin lideri Səlahəddin Dəmirtaşın PKK ilə mübarizənin bundan sonra 100 il davam edəcəyi barədə açıqlama verməsi oldu.
Əslində, "Ərəb baharı"nın gec-tez regionda fərqli istiqamətdə inkişaf edəcəyi heç kimdə şübhə doğurmurdu. Hətta Türkiyə kəşfiyyatının keçmiş analiti Mahir Kaynak ölkə mətbuatına verdiyi açıqlamada "Ərəb baharı"nın Türkiyəyə təsir edəcəyini bildirmişdi.
Hətta PKK terror təşkilatının lideri Murat Karayılan Qətərin "əl-Cəzirə" telekanalına açıqlamasında "Ərəb baharı"ndan ilham alaraq regionda "kürd baharı"nın baş verəcəyinə ümidvar olduğunu bildirdi. Karayılan onu da qeyd edib ki, Türkiyə kürdlərin regiondakı dəyişikliklərin bir hissəsi olmasından ehtiyatlanır.
Bu gün rəsmi Ankara Yaxın Şərqdə baş verən proseslərdə hər nə qədər öndə görünsə də, ehtimallar onu söyləməyə əsas verir ki, regionda yeni oyunçulardan biri də kürdlərin simasında İraqın şimalındakı kürd administrasiyasıdır və kürd administrasiyası bu fürsətdən imkan daxilində faydalanmağa çalışacaq.
Hətta ən maraqlı məqamlardan biri də Suriyadakı "Ərəb baharı"nın müəllifləri hesab edilən "Müsəlman Qardaşlar" təşkilatının lideri Riyad əl-Şufkanın oktyabrın 20-də kürd administrasiyanın lideri Məsud Bərzanı ilə Suriyadakı vəziyyəti və tərəflərin ortaq maraqlarını müzakirə etməsi olub.
Yadda qalan digər məqamlardan biri isə İraqdakı kürd administrasiyasında fəaliyyət göstərən İslam Birliyi (Yekgirtoya Îslamî) hərəkatının "Müsəlman Qardaşlar"ın Suriya qolu ilə digər kürd təşkilatları arasında körpü rolunu oynamaq istəyi oldu.
Təbii ki, "Müsəlman Qardaşlar" təşkilatı ilə Suriya kürdlərinin ittifaq cəhdlərinin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək. Lakin regionda baş verənlər, Suriya münaqişənin uzanması, PKK terror təşkilatının aktivləşməsi və İraqın silahlanması onu deməyə əsas verir ki, Ankara yaxında ehtimal edilən dəyişikliyin aparıcı qüvvəsi deyil, bir hissəsi olmaq təhlükəsi ilə üz üzədir.