...

Deputat: Lapşinin ekstradisiyası Ermənistanın məğlubedilməzlik mifini növbəti dəfə dağıtdı

Nəzər nöqtəsi Materials 9 Fevral 2017 15:28 (UTC +04:00)
Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası növbəti dəfə ermənilərin məğlubedilməzlik mifini dağıtdı, Ermənistanda xalq ilə hakimiyyət arasında uçurumu bir az da dərinləşdirdi.
Deputat: Lapşinin ekstradisiyası Ermənistanın məğlubedilməzlik mifini növbəti dəfə dağıtdı

Bakı. Elçin Mehdiyev - Trend:

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası növbəti dəfə ermənilərin məğlubedilməzlik mifini dağıtdı, Ermənistanda xalq ilə hakimiyyət arasında uçurumu bir az da dərinləşdirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Zahid Oruc deyib.

Deputat bildirib ki, Lapşinin Azərbaycana ekstradisiyası eyni zamanda, Ermənistanın bu məsələ ilə bağlı planlarını alt-üst etdi:

“Ermənistan tərəfi gözləyirdi ki, Lapşinin məsələsinə görə, Azərbaycan-Rusiya diplomatik imkanları toqquşacaq, İsrail ilə Azərbaycan arasında, eyni zamanda Azərbaycan ilə Ukrayna arasında yüksək səviyyəli əlaqələr korlanacaq və bu, ermənilərin xeyrinə işləyəcək. Ermənilər ümid edirdilər ki, Lapşin Azərbaycana ekstradisiya olunmayacaq və onlar dünyaya göstərəcəkdi ki, Azərbaycanın Belarus kimi strateji, siyasi, iqtisadi müttəfiqi də onu dəstəkləmədi. Lakin bütün bu hesablamalar özünü doğrultmadı, əks hadisələr baş verdi. Azərbaycanın bu məsələdə diplomatik, siyasi uğuru Ermənistanı həmin şansdan məhrum etdi. Azərbaycan artıq üstün bir mövqedədir. Siyasətin başlıca məqsədi düşməni diplomatik meydanda təkləməkdir, onu müxtəlif dəstəklərdən, hərbi imkanlardan məhrum etməkdir. Hazırki şəraitdə məhz bu baş verir”.

Z.Oruc hesab edir ki, Azərbaycanda məhkəmənin Lapşin barədə çıxaracağı qərar yalnız konkret bir şəxsə - erməni proqramında iştirak edərək Qarabağı legitim tərəf kimi göstərməyə cəhd edən bir avanturistin əleyhinə çıxarılan qərar olmayacaq. Bu qərar həm də Ermənistanın Dağlıq Qarabağla bağlı apardığı işğalçı siyasətini ifşa edəcək. Təbii ki, bu da erməniləri narahat edir: “Ona görə də bu məsələdən irəli gələrək bütün media dünyasında, informasiya müstəvisində Sarkisyan əleyhinə kəskin bir dirəniş var. Əgər son bir ilin tablosuna baxsaq, aprel döyüşləri, Azərbaycanın Rusiya ilə münasibətləri, Ermənistanın əvvəlki kimi müxtəlif dairələri əleyhimizə qaldıra bilməməsi, həmçinin Lapşinin ekstradisiyası vahid bir mənzərəni canlandırır - Azərbaycanın diplomatik, siyasi imkanları erməniləri xeyli qabaqlayıb”.

Z.Oruc əlavə edib ki, Lapşinin ekstradisiyası ilə bağlı önəmli məsələlərdən biri də ondan ibarətdir ki, gələcək dövrdə Azərbaycanın başı üzərindən hərəkət etmək, rəsmi Bakıya müraciət etmədən Ermənistan vasitəsilə işğal olunmuş bölgəyə getmək, hətta bir az irəli addım atıb ölkəmizin əleyhinə kampaniyada iştirak etmək istəyənlərin sayında qat-qat azalmaya səbəb olacaq.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi. Fevralın 7-də A.Lapşin Bakıya gətirilib. Bundan əvvəl isə Belarus Ali Məhkəməsi tərəfindən bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayəti rədd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti