...

Deputat: Azərbaycan Ordusunun qələbə çalacağı gün heç də uzaqda deyil

Nəzər nöqtəsi Materials 26 İyun 2018 13:05 (UTC +04:00)
Bu gün hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan hər bir azərbaycanlı ordumuzla fəxr edir.
Deputat: Azərbaycan Ordusunun qələbə çalacağı gün heç də uzaqda deyil

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan hər bir azərbaycanlı ordumuzla fəxr edir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Azərbaycanda dövlətçiliyin mövcud olduğu bütün dövrlərdə ölkəmizin ərazi bütövlüyünü qoruyan şanlı Silahlı Qüvvələrimiz olub:

“Qısa zaman ərzində fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də erməni qəsibkarlarına qarşı qəhrəmanlıqla mübarizə aparan Silahlı Qüvvələrimiz olub. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə gəldikdən sonra dövlətçiliyimizin bütün sahələri ilə yanaşı, ordu quruculuğu sahəsində də çox böyük işlərin görülməsinə başlandı və Azərbaycanın müasir ordusu yaradıldı. Ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi bu sahədə də özünü göstərdi. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”.

Deputat vurğulayıb ki, Azərbaycan ordusu öz şücaətini dəfələrlə, o cümlədən 2 il əvvəl aprel döyüşlərində, bu yaxınlarda isə Naxçıvanda, Günnüt kəndinin azad edilməsində göstərib:

“Azərbaycan dövləti Silahlı Qüvvələrin inkişafına ciddi diqqət yetirir, cəmiyyətdə orduya böyük məhəbbət var, dəstək var, ordu-xalq birliyi kifayət qədər yüksəkdir və bununla biz fəxr edə bilərik. Güclü ordumuzun olmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük xidməti var. Aprel döyüşləri, Günnüt zəfəri bir daha göstərdi ki, Azərbaycan Ordusunun qələbə çalacağı, torpaqlarımızı erməni işğalından azad edəcəyi gün heç də uzaqda deyil”.

Qeyd edək ki, bu gün Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə hərbi parad keçirilib. Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti