...

Ekspert: "Doing Business" hesabatında Azərbaycanın irəliləməsi aparılan islahatların öz bəhrəsini verdiyini göstərir

Nəzər nöqtəsi Materials 1 Noyabr 2018 16:02 (UTC +04:00)
"Doing Business-2019" hesabatında Azərbaycanın irəliləməsi aparılan islahatların öz bəhrəsini verdiyini göstərir.
Ekspert: "Doing Business" hesabatında Azərbaycanın irəliləməsi aparılan islahatların öz bəhrəsini verdiyini göstərir

Bakı. Samir Əli - Trend:

"Doing Business-2019" hesabatında Azərbaycanın irəliləməsi aparılan islahatların öz bəhrəsini verdiyini göstərir.

Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu gün dünya miqyasında inkişafın Azərbaycan modeli bir nümunəyə çevrilib: "Bütün sahələrdə tətbiq olunan innovasiyalar, həyata keçirilən təkmil islahatlar beynəlxalq aləmdə ölkəmizin siyasi çəkisini, iqtisadi gücünü durmadan artırır. Təbii ki, bu inkişaf beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Bu günlərdə yayılan Dünya Bankının “Doing Business-2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil edilib. Hesabatda ölkəmiz dünyanın ən çox islahat aparan dövləti kimi qeyd edilib. Azərbaycan “Doing Business-2019” hesabatında 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yeri tutub, bununla da bir çox ölkələri geridə qoyaraq MDB məkanında lider mövqeyə yüksəlib. Rəqəmlərdən də göründüyü kimi, ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişafı şərtləndirən mühüm amillər var. Bu amillərin önündə isə düşünülmüş və gələcəyə hesablanan məqsədyönlü siyasi strategiya dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar nəticəsində “Doing Business-2019” hesabatında ölkəmizin əksər indikatorlar üzrə mövqeyi daha üst səviyyəyə qalxıb".

Baş redaktor bildirib ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı xüsusi olaraq diqqət mərkəzindədir: “Kənd təsərrüfatının inkişafı, sənaye məhəllələrinin və aqroparkların yaradılması, ixrac imkanlarının genişləndirilməsi və digər istiqamətlərdə həyata keçirilən mühüm tədbirlər ölkəmizin sürətli inkişafını əks etdirən real mənzərədir. “Doing Business-2019” hesabatında deyildiyi kimi, Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib. Bununla yanaşı, Azərbaycan "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək böyük uğur qazanıb. Ümumilikdə, hesabatın 10 indikatorundan 8-də mühüm irəliləyiş baş verib”.

O əlavə edib ki, hesabatda Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Ukrayna, Özbəkistan və Tacikistanın geriləməsi, əvəzində isə ölkəmizin daha ön sıralara yüksəlməsi bir daha onu deməyə əsas verir ki, həyata keçirilən islahatlar öz bəhrəsini verir.

Qeyd edək ki, Azərbaycan Dünya Bankının "Doing Business-2019" reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bundan əvvəlki hesabatda ölkəmiz 57-ci yerdə idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti