...

Müsavat həm çürüyür, həm yanır (KÖŞƏ)

Nəzər nöqtəsi Materials 23 Noyabr 2019 10:41 (UTC +04:00)
Həyatın iki forması var: Çürümək və yanmaq. Tamahkarlar və qorxaqlar birincini seçir, alicənablar və cəsurlar ikincini...
Müsavat həm çürüyür, həm yanır (KÖŞƏ)
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Elgün Mənsimov - Trend:

Həyatın iki forması var: Çürümək və yanmaq. Tamahkarlar və qorxaqlar birincini seçir, alicənablar və cəsurlar ikincini...

Müsavat Partiyasının bügünkü durumu mənə məhz Maksim Qorkinin vaxtilə dediyi bu hikmətli sözləri xatırlatdı. Ona görə ki, bu partiya hazırda həm çürüyür, həm də yanır. Məlum “mühacir alveri” onun bükülmüş belini bu dəfə onurğasından qırdı. Onurğanı isə bərpa etmək bir xeyli qəliz məsələdir. Özlərinin dərrakə ilə məsafələri nə qədər uzaq olsa da əslində bu qəlizliyi dərk edirlər. Ona görə də partiya təmsilçiləri, bütövlükdə müsavatçılar hamısı bir-birinə qarışıb, o bunu, bu onu ittiham edir, aşağılayır və ya təhqir edir. Odur ki, gəlin, Müsavatı iki yerə bölək – çürüyənlər və yananlar.

Çürüyənlər hələ də bu partiyada qalanlar, onu cani dildən “müdafiə edən”lərdir, yananlar isə vaxtilə uzaqgörənlik, cəsurluq və alicənablıq edərək oradan uzaqlaşanlardır. Bununla belə, onlar Müsavat təəssübkeşçiləri kimi, partiyanın göz görə-görə çürüməsinə yanırlar.

Mövcud dramatik vəziyyətlə sanki partiya başbilənləri, funksionerləri də başını itirib. Onlar batdıqları çamurdan çıxmaq üçün əl-üzlərini yuyurlar, bədən isə yaddan çıxır. Bədəni yumaq üçün ya su, ya da əl çatmır. Özü də deyirlər Avropanın palçığı Azərbaycanınkı kimi nə qumludur, nə də kəcli, yapışdısa, qopmaq bilmir. Di gəl…

Əlqərəz, Müsavat əslində nə bataqlığa indi düşüb, nə də çürüməyə indi başlayıb. Partiya hər iki prosesə hələ ötən əsrin sonlarında start verib. 30 ilə yaxın bir dövr keçib və bu illər ərzində aqressiv və radikal üzünü dəfələrlə göstərib. Partiyadaxili çəkişmələr isə bütün illərdə, ilin hər günündə öz aktuallığını qoruyub-saxlayıb. Nəticə etibarı ilə isə bu gün bütün dayaqları məhv olmaq üzrədir.

2014-cü ildə Partiyada İsa Qəmbər - Arif Hacılı yerdəyişməsi olanda isə daxili hərcmərclik yeni inkişaf mərhələsinə qədəm qoydu. İndi partiyanın halına yananların bir çoxu elə o andan oradan uzaqlaşdılar. Vəziyyət gərginləşdi, partiya daxilində qruplaşmalar bir-birinə qarşı barışmaz mövqe tutdu. Bütün bunlardan sonra Müsavatın adı mühacir qalmaqalında çəkildi. Almaniya polisinin keçirdiyi əməliyyat nəticəsində Müsavat fakt qarşısında qaldı, partiyanın Avropa qanadının bir neçə funksioneri həbs edildi. Bu fakt partiyanın nə kimi bir çirkaba bulaşdığını göstərdi. Və bu gün partiya rəhbərliyi daha çox elə indiki və sabiq üzvləri tərəfindən haqlı tənqid edilir, onlar bir partiyanı adi dərnəyə çevirməkdə ittiham olunurlar.

Partiya rəhbərliyi və ona yaxın bir qrup şəxs isə hələ də özlərini mələk cildində hiss edir. O boyda Almaniyanın hüquq-mühafizə orqanları bu adamlar barədə "mühacir alveri" ittihamı ilə rəsmi cinayət işi açır, məhkəmə qərar çıxarır, bunlar isə hələ də öz çaldıqları havaya oynamaq istəyirlər. Hərhalda, utanmırlar. Atalar elə bunlar üçün deyib də - "utanmasan, oynamağa nə var ki…”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti