İsrail, Qüds, 18 dekabr / Trend müxbir A.Qut/ İsrailin baş naziri Ehud Olmert bazar ertəsi Türkiyəyə işgüzar səfərə gedəcək. Məqsəd İsrail və Suriya arasındakı təmasların vasitəçisi rolunda çıxış edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşməkdir. Bu barədə Trend -a Türkiyənin İsraildəki səfirliyindəki mənbə məlumat veriblər.
Mənbənin bildirdiyinə görə, ötən iki həftə ərzində İsrail və Türkiyə liderləri telefon vasitəsi ilə İsraillə Suriya arasında sülh nizamlanmasının problem və perspektivlərini müzakirə ediblər. Buraya həmçinin Dəməşqin Ankaraya təqdim etdiyi sənəd də daxildir. Həmin sənəddə Suriyanın İsrailə iddiaları əks olunub.
Aydındır ki, istefaya gedən Ehud Olmert Suriya ilə sülh prosesinin irəliləməsi üçün son addımlarını atmağa cəhd göstərir. Diplomatik mənbə bildirib ki, İsrail tərəfi ümid edir ki, Olmertin Ərdoğanla görüşündən sonra İsraillə Suriya arasında birbaşa danışıqlar mərhələsi başlayacaq. Halbuki mənbənin özü bu perspektivə şübhə ilə yanaşır.
Qeyd edək ki, bu həftə İsraillə Suriya türkiyəli vasitəçiyə bəyan ediblər ki, hazırda birbaşa olmayan danışıqların növbəti raundunun keçirilməsində maraqlı deyillər. Danışıqlar müvəqqəti olaraq dayandırılıb. Çünki onların İsraidəki seçkilər başa çatmayanədək mənası yoxdur. Türkiyəli nümayəndələr hesab edirlər ki, İsrail yeni baş nazirini seçdikdən sonra danışıqlar bərpa olunacaq. Danışıqların təxirə salınması İsrail XİN-nin Suriyanın İsraillə təmasları hesabına beynəlxalq təcriddən çıxmasına rəğmən İran, habelə HƏMAS və "Hizbullah"la əlaqələri daha da möhkəmləndirdiyinə etiraz etməsi ilə bağlı deyil.
Bir neçə gün öncə Suriya prezidenti Bəşər Əsəd türkiyəli vasitəçilərdən gələcək dövlət sərhədləri ilə bağlı öz variantını göndərib və indii İsrailin cavabını gözləyir. Suriyalı lider Kineret gölünün sahili ilə sərhədləri çəkməyi təklif edirdi. Belə olan təqdirdə Qolan yüksəklikləri Suriyanın suverenliyinə keçəcəkdir. Suriya tərəfinin göndərdiyi sənəddə İsrail rəhbərliyinin altı maddə üzrə, ö cümlədən Kineretin şimal-şərq sahili üzrə mövqeyi soruşulur. Bəlli olduğu kimi Suriyanın sabiq rəhbəri, hazırkı prezidentin atası Hafiz Əsəd bu ərazinin İsrailə keçməsini nəzərdə tutan sülh sazişini imzalamaqdan vaz keçirdi.
Dəməşqdə İsrailin bu təklifə cavabını gözləyirlər və hələlik birbaşa dialoqa keçməyə tələsmirlər. Bəzi ekspertlərin fikrincə, İsrailin Suriyanın tələblərinə razılıq verməsi artıq 2009-cu ildə sülh sazişini bağlamağa imkan verəcək.
İsrail qoşunları Qolan yüksəkliklərini 1967-ci ildə altı günlük müharibə zamanı ələ keçirmişdir. 1981-ci ildə isə bu ərazi rəsmən zəbt edilib.