...

Latviyada mümkün növbədənkənar seçkilər ölkənin problemlərini həll etməyəcək - ekspert

Dünya xəbərləri Materials 16 Yanvar 2009 07:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend müxbir Y.Ostapenko / Ekspertlər hesab edir ki, Latviya paytaxtında etiraz aksiyaları növbədənkənar seçkilərə gətirib çıxarsa belə, böhrandan tezliklə çıxış yolunu və ölkənin siyasi kursunun dəyişəcəyini gözləmək əbəsdir.

"Hökumətin dəyişməsi çətin ki, kursun dəyişməsinə gətirib çıxarsın. Çünki iqtidarda olan koalisiya əvvəlki kimi qalacaq", - deyə Trend -a Strasburqdan telefonla Yaşıllar Partiyasından Latviyanı Avropa parlamentində təmsil edən Tatyana Jdanok bildirib.

Müxalifət partiyaları, ticarət ittifaqları və qeyri-hökumət təşkilatları tərəfindən çərşənbə axşamı Latviya paytaxtında təşkil olunan dinc etiraz aksiyası Seym (parlament) binası önündə kütləvi iğtişaşlarla sonuclanıb. Mindən çox insan parlamentin buraxılması üçün prezidentdən referendumun keçirilməsini tələb edib.

Analoji etirazlar 2007-ji ildə baş nazirin istefasına gətirib çıxardı.

Hazırkı etirazlar əhalinin mövcud hökumətin iqtisadi böhranla mübarizə metodlarından narazılığı üzündən irəli gəlib. Latviya AB ölkələri arasında ən güclü iqtisadi tənəzzülə uğrayan dövlətdir. Ölkə hökuməti iqtisadiyyatın sabitləşməsi ilə bağlı plan hazırlayıb. Həmin plan bütün dövlət müəsissələrinin xərclərinin 15 faiz azaldılmasını, büdcə təşkilatlarında çalışanların maaşlarının dondurulmasını və vergi həcmlərinin artırılmasını nəzərdə tutur.

Latviya BVF-dən 7,5 milyard avroluq kredit götürüb. Bu məbləğ ölkənin illik ÜDM-dən artıqdır.

"Biz asılılığa düşdük, çətin ki, bu pulları qaytara bilək", -deyə Jdanok bildirib.

Hökumətin daha bir qeyri-populyar qərarı ƏDV vergisinin artırılması ilə bağlıdır. Nəticədə bu, məhsulların bahalaşmasına gətirib çıxarıb.

Ağır iqtisadi durum və əhalinin Latviya hökumətinə etibar etməməsi vətəndaşların hökumətin istefaya çağırması ilə sonuclanıb.

Hökumətin dəyişməsi müsbət nəticələrə gətirib çıxarmayacaq, çünki Latviyada xalqı birləşdirə biləcək və böhranla mübarizə apara biləcək layiqli lider yoxdur.

"Latviyada əhali arasında etibara malik real müxalifət praktiki olaraq yoxdur", - deyə Jdanok söyləyib.

Onun fikrincə, Latviyanın yeni partiyaları həqiqi müxalifət kimi çıxış etməyə qadir olmadığını göstəriblər. Jdanok qeyd edib ki, dünənki mitinq bunu bir daha sübut edib. Çünki mitinqi təşkil edən "Yeni siyasət" partiyası nizam-intizamı qorumaqdan boyun qaçırıb və nəticədə bu, kütləvi iğtişaşlara gətirib çıxarıb.

Latviyada iqtidar koalisiyasına dörd partiya daxildir: "Yaşıllar və kəndlilər İttifaqı", "Xalq partiyası", "Birinci partiya/ Latviya yolu" və "Vətənə və azadlığa" birliyi.

Beynəlxalq münasibətlər üzrə britaniyalı ekspert Devid Qalbret (David Galbreath) hesab edir ki, etibarı aparıcı partiyalardan uzaqlaşan insanların rəhbərlik etdiyi müxalifət qazanır.

Misal kimi Qalbret "Yeni era"dan Latviyanın sabiq XİN rəhbəri və ABŞ-dakı səfiri Sandra Kalnieteni, habelə "Xalq partiya"sından Artis Pabriksi və keçmiş xarici işləri nazirini göstərib.

"Hər ikisi istər beynəlxalq səviyyədə, istər də vətənində müsbət qarşılanırlar", - deyə Trend -a elektron poçtla Aberdin universitetinin lektoru olan Qalbret bildirib.

AB ölkələri üzrə ekspert Pyotr Kaçinski isə hesab edir ki, heç bir latviyalı siyasətçi yaxud da partiya qısa müddət ərzində cəmiyyətdə olan bütün problemləri həll edə bilməz.

Ekspertlərin  fikrincə, Latviyadakı mürəkkəb durumu yalnız siyasi kursun kardinal şəkildə dəyişməsi sabitləşdirə bilər.

"Cəmiyyətin özəyində olan əsas problem həll edilməyincə, bütün vətəndaşlara qanunla təmin olunmuş bərabərlik verilməyincə ölkədə heç nə dəyişməyəcək", - deyə Jdanok vurğulayıb.

Latviyada əhalinin 1/3 hissəsi vətəndaşlığı olmayan şəxslərdir. Onların pasportları vətəndaşlığı olan insanların pasportlarından rəng baxımından fərqlənir və onlar seçkidə iştirak hüququna malik deyil. Həmin şəxslər 1940-cı ildən 1989-cu ilədək Latviyaya keçmiş SSRİ respublikalarından köçən adamlardır.

Lakin Kaçinski hesab edir ki, heç bir latviyalı lider təkbaşına iqtisadi problemlərin öhdəsindən gələ bilməz. Onun fikrincə, bunun üçün səylərin qlobal koordinasiyası lazımdır.

"Ona görə də sabitləşmə üçün qlobal dialoq apara biləcək lider lazımdır", - deyə Kaçinski bildirib.

"Siyasətdə heç kim möcüzələr yarada bilməz və mən bunun Latviyada da baş verəcəyinə şübhə edirəm", - deyə o vurğulayıb.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti