İran dəniz quldurları ilə mübarizə məqsədilə Ədən körfəzinə 2 hərbi gəmi göndərib. Bu barədə İran televiziyası məlumat yayıb.
İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai BMT Baş katibinə məktub ünvanlayaraq bildirib ki, İranın hərbi gəmiləri iki gün sonra Ədən körfəzində olacaqlar. Məktubda həmçinin bildirilir ki, gəmilər 5 ay müddətinə körfəzdə qalacaqlar.
"Gəmilərin Ədən körfəzinə göndərilməsində məqsəd İrana məxsus gəmilərin təhlükəsizliyinin təmin olunması və İran gəmilərindən kömək istəyən istənilən ölkənin gəmisini dəniz quldurlarından qorumaqdır", - deyə Xəzai BMT Baş katibinə ünvanladığı məktubda bildirib.
Xəzai əlavə edib ki, İranın hərbi gəmiləri Somali hökumətinə piratlarla mübarizədə yardım göstərəcək.