RED. əlav.: birinci abzas və dördüncü abzasdan sonra təfərrüatlar əlavə olunub
ABŞ və Pakistan müxtəlif sahələrdə problemlərin nizamlanması üçün əməkdaşlığı möhkəmləndirməlidir, ən əsası isə təhükəsizlik məsələlərində qarşılıqlı fəaliyyətdir. Bu barədə ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib.
"ABŞ və Pakistan xalqı ekstremizmə qarşı mübarizədə çiyin-çiyinə dayanmalıdır. Bu bizim ümumi mübarizəmizdir", - çərşənbə günü ABŞ-ın dövlət katibi Hillari Klinton Pakistanın XİN rəhbəri ilə birgə mətbuat konfransında bildirib. Məlumatı əl-Cəzirə kanalı yayıb.
O həmçinin bildirib ki, ölkələr arasında möhkəm münasibətlərin qurulması vaxtı gəlib çatıb.
ABŞ-ın dövlət katibi Klinton çərşənbə günü Pakistana gəlib. Klintonun Pakistana səfəri üç gün davam edəcək.
Klinton həmçinin qeyd edib ki, hər iki ölkə bir çox sahələrdə əməkdaşlıq edir, lakin tərəfdaşlıq üçün əlavə imkanlar tapılmalı və münasibətləri dərinləşdirmək lazımdır.
"Təkcə ölkələrimiz arasında hökumətlərarası səviyyədə deyil, özəl sektorda, universitetlər, dini institutlar, vətəndaş cəmiyyətləri, QHT səviyyəsində və sübhəsiz ki, insanlar arasında münasibətləri dərinləşdirmək lazımdır ki, bu da daha yaxşı nəticələr verir", - dövlət katibi bildirib.
O həmçinin əlavə edib ki, Pakistanın XİN rəhbəri Mahmud Qureyşi ilə birgə ölkələr arasında dialoqa başlamağa razılaşıblar. Klinton dialoqun gedişinə şəxsən nəzarət edəcəyinə söz verib.
Klintonun sözlərinə görə, daha vacib məsələlərdən biri təhlükəsizlikdir.
"Biz Pakistan xalqının sülh və təhlükəsizlik uğrunda mübarizədə tək olmadığını bilməsini istəyirik. ABŞ məqsədlərinizə çatmağınız üçün lazımi köməyi əsirgəməyəcək", - dövlət katibi bildirib.
Klinton əlavə edib ki, Qureyşi ilə bu məsələdə iki dövlət arasında daha sıx əməkdaşlıq imkanlarını müzakirə edəcək.
"Terroristlər və ekstremistlər tikməyi deyil, dağıltmağı bacarır. Biz onlar qarşısında üstünük", - o bildirib.
Təhlükəsizlik məsələləri ilə yanaşı, Klinton Pakistanın təhsil və iqtisadiyyat problemlərinə toxunaraq ABŞ-ın bu sahədəki problemlərin həll olunmasına kömək etmək istəyini qeyd edib.