...

İranın zənginləşdirdiyi uranın yanacaq qabiliyyəti yoxdur - ekspert

Dünya xəbərləri Materials 11 Fevral 2010 14:35 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad ölkədə birinci 20 faizlik uran paketinin istehsalının həyata keçməsi barədə məlumat verib. Lakin Qlazko (Glasko) universitetinin professoru, nüvə məsələləri üzrə ekspert Rza Təqizadə Trend News-a bildirib ki, İranın üç gün ərzində kiçik həcmdə uranı 20 faiz zənginləşdirməsi real olsa da zənginləşdirilmiş uran qaz formasındadır və nüvə reaktorlarında istifadə olunmaq üçün xüsusi texnologiya ilə bərk yanacağa çevrilməlidir. Onun sözlərinə görə, İranda belə texnologiya yoxdur.
İranın zənginləşdirdiyi uranın yanacaq qabiliyyəti yoxdur - ekspert

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir D.Xatınoğlu/

İran Prezidenti Mahmud Əhmədinejad ölkədə birinci 20 faizlik uran paketinin istehsalının həyata keçməsi barədə məlumat verib. Lakin Qlazko (Glasko) universitetinin professoru, nüvə məsələləri üzrə ekspert Rza Təqizadə Trend -a bildirib ki, İranın üç gün ərzində kiçik həcmdə uranı 20 faiz zənginləşdirməsi real olsa da zənginləşdirilmiş uran qaz formasındadır və nüvə reaktorlarında istifadə olunmaq üçün xüsusi texnologiya ilə bərk yanacağa çevrilməlidir. Onun sözlərinə görə, İranda belə texnologiya yoxdur.

"Qərbdən 20 faizə kimi zənginləşdirilmiş uranın bizə verilməsini xahiş etmişdik, lakin onlar bundan imtina etdilər və biz özümüz zənginləşdirməyə başladıq və artıq 20 faizlik uranın ilk partiyasını zənginləşdirmişik", - Əhmədinejat Tehranda İran İslam İnqilabının 31-ci ildönümünün qeyd olunması ilə əlaqədar keçirilən mitinqdə bildirib.

Prezidentin sözlərinə əsasən, ölkədə 850 min xəstənin dərmanı Tehrandakı Əmirabad laboratoriyasından təmin olunur.

Britaniyada fəaliyyət göstərən iranlı ekspert Təqizadə bu gün fevralın 11-də telefonla bildirib ki, İran yalnız Ərak ağır sular istehsalı zavodunun yanacağını təmin edə bilib və yüngül sular istehsalı zavodu Əmirabad nüvə reaktorlarınınyanacağını təmin etmək qabiliyyətində deyil.

İranın 5 meqavatlıq Əmirabad reaktoru yüngül suları istehsal edən reaktordur və bu reaktor üçün sonuncu dəfə 1990-cı ildə Argentinadan 5 milyon dollar məbləğində olan 20 faizlik uran yanacağı alınıb. Bu reaktorun yanacağı yaxın bir ildə tükənəcək.

Təqizadədən fərqli olaraq, İranın İRNA agentliyi nüvə eksperti kimi təqdim etdiyi Məcid Mühəmmədi ilə müsahibəsində bildirib ki, İranın nüvə reaktorlarının yanacağı üçün lazımi texnologiyası var. "Məsələn, İsfahan zavodunda uran həbləri istehsal olunur və Əmirabad reaktorunun yanacaq istehsalı texnologiyası uran həbləri istehsalı ilə təxminən eynidir"-  Məhəmmədi bildirib.

Lakin Təqizadə bu fikirlərlə razı olmadığını Trend -a bildirib. Onun sözlərinə görə, uran həbləri ilə Əmirabad reaktoru üçün lazım olan 20%-lik xüsusi uran boruları tamamilə fərqli şeylərdir. "Əmirabad reaktoru üçün lazım olan xüsusi uran yanacağının istehsal texnologiyası yalnız Argentina və Fransada var", - Təqizadə bildirib.

Uranın zənginləşdirilməsi deyərkən qeyd etmək lazımdır ki, bu maddədə iki izotop var: 235 və 239. Uran zənginləşdikcə, 235 izotoplarının sıxlığı çoxalır. 20 faiz zənginləşdirilmiş uran o deməkdir ki, müəyyən həcmdə olan uran qazında 235 izotoplarının sıxlığı 20 faizdir.

Təqizadə bildirib ki, İran yalnız uran qazını 20 faiz zənginləşdirə bilər, bundan əlavə, İranın zənginləşdirdiyi uran qatışıq və qeyri-şəffafdır. "İranın 20 faiz zənginləşdirdiyi uran, birinci, təmizlənməlidir, sonra boru, yaxud yastı uran yanacağına çevrilməlidir. Bu iki problem üçün İranda lazım olan texnologiya yoxdur",- Təqizadə bildirib.

İran üç gün bundan əvvəl uranı 20 faiz zənginləşdirməyə başlayıb. İranın Nüvə Təşkilatı rəhbəri Əli Əkbər Salehi bidirib ki, İran ayda 3-3.5 kq 20 faizlik uran istehsal etmək qabiliyyətindədir. Əhmədinejad bugünkü çıxışında bildirib ki, 20 faizlik uranın istehsal həcmi yaxın gəlcəkdə 3 dəfə artacaq.

İran hazırda uranı 3.5 faizədək zənginləşdirib. MAQATE-nin rəsmi məlumatına əsasən, hazırda İranda 1800 kq 3.5 faizlik uran var və gün ərzində İran 2.7 kq 3.5 faiz uran istehsal edə bilir. İranın Nətənz uran zənginləşdirmə zavodunda hazırda 8500 sentrifuqa quraşdırılıb, lakin bu sentrifuqaların təxminən yarısı aktivdir. Uranı 20 faiz zənginləşdirmək üçün, 2 tonluq kapsullardan uran qazını 50 kiloluq kapsullara və oradan da sayı 164 ədəd olan sentrifuqa şəlalələrinə yükləmək lazimdir.

Təqizadənin fikrincə, ola bilsin ki, İran üç gün ərzində çox az həcmdə 20 faizlik uran istehsal edə bilsin, lakin belə düşünürəm ki, Əhmədinejadın bu sözü təbliğat xarakterli də ola bilər, bəlkə də sırf blefdir.

ABŞ və Qərb İranı nüvə silahı yaratmaq niyyətində olmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsini nüvə elektrik stansiyalarının yanacağının təmini üçün olduğunu bildirib. 2006-ci ildə İranın nüvə dosyası MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və bu Şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti