Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir Ü.Sadıxova/
Fələstinlilərin Qərb Sahilində məskunlaşma fəaliyyəti ilə əlaqədar İsraillə danışıqlardan imtina etməsinə baxmayaraq, analitiklər hesab edirlər ki, əgər ABŞ təzyiq göstərərsə, Fələstin administrasiyasının mövqeyi dəyişə bilər.
İsrailin Qüdsdə məskunlaşma fəaliyyətini dayandırmaqdan imtina etməsi ilə əlaqədar ABŞ-İsrail münasibətlərində davam edən gərgin həftədən sonra İsrail mətbuatı bildirib ki, tərəflər diplomatik fikir ayrılıqlarını həll ediblər.
İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı ABŞ-ın vitse-prezidenti Cozef Bayden ilə telefon söhbəti edib. Baydenun səfəri zamanı İsrail hökuməti Şərqi Qüdsün rayonlarından birində 1600 yeni evin tikilməsi barədə qərarını açıqlayıb. Beynəlxalq hüquqa görə bura Fələstinin işğal olunmuş əraziləri də aiddir.
ABŞ-ın dövlət katibi Hillari Klinton Baydenin səfərinin Fələstin-İsrail danışıqlarının birbaşa olmayan formatda bərpasına yönəldiyini nəzərə alaraq, İsrailin qərarını Vaşinqton üçün təhqiredici sayıb.
Lakin çərşənbə axşamı Klinton KİV-i və bəzi rəsmi şəxsləri Amerika-İsrail münasibətlərində yaranmış böhranla bağlı bəyanatlara görə tənqid edib. O əlavə edib ki, Prezident Obamanın Yaxın Şərqdəki emissarı Corc Mitçel tərəflər arasında birbaşa olmayan danışıqların aparılması üçün tezliklə regiona qayıdacaq.
Bununla belə, Fələstin administrasiyası fələstinlilərin gələcək dövlətin paytaxtı kimi baxdıqları Şərqi Qüdsdə yəhudi evlərinin tikintisi tam dondurulmayana kimi ABŞ-ın vasitəçiliyi ilə İsraillə birbaşa olmayan danışıqlara başlamamağa tərəfdar olduğunu bir daha bəyan edib.
Lakin Fələstinin "əl-Əyyam" qəzetinin şərhçisi Məhəmməd Yəği hesab edir ki, Fələstin administrasiyası rəhbərliyinin İsraillə danışıqlar aparmaqdan başqa çıxış yolu yoxdur.
"Fələstin administrasiyası bilir ki, hazırkı İsrail hakimiyyəti ilə birbaşa və dolayı danışıqlar faydasızdır, lakin onu maliyyə dəstəyi ilə təmin edən ABŞ və Avropaya "yox" deyə bilmir", - Məhəmməd Yəği Trend -a deyib. - "Mahmud Abbas İsrail ilə danışıqlardan imtina edə bilmir, çünki onun başqa seçimi yoxdur, onun strategiyası isə qarşıdurmanın diplomatik formalarına əsaslanır".
Lakin ekspert hesab edir ki, İsrail ilə dolayı danışıqların aparılması fələstinlilərin maraqlarına cavab vermir, çünki İsrail danışıqlardan tikintinin davam etdirilməsi üçün istifadə edəcək.
"Fələstinlilərin sülhə nail olmadan danışıqlar aparmasına heç kəs etiraz etməyəcək. Bu halda fələstinlilər özləri özlərini cəzalandıracaqlar", - Yəği deyib.
Şərqi Qüdsdə məskunlaşma fəaliyyətinin tam dondurulmamasına baxmayaraq, on gün əvvəl Fələstin administrasiyası ABŞ-ın təzyiqi altında Netanyahu hakimiyyəti ilə dolayı danışıqlar aparılmasına razılıq verib.
ABŞ politoloqu, professor Natan Braun Fələstin rəhbərliyinin vəziyyətini çox ağır qiymətləndirir. Belə ki, rəhbərliyin sülh danışıqları aparmağa əsaslanan siyasəti baş tutmayıb ki, bu da əksər fələstinlilərin narazılığına səbəb olub.
"Danışıqların öz aktuallığını itirdiyinə və uğursuzluğa düçar olduğuna görə Ramallahdakı rəhbərlik hazırda danışıqlar üçün bəzi şərtlər irəli sürür", - Corc Vaşinqton Universitetinin Yaxın Şərq Araşdırmaları İnstitutunun rəhbəri Braun Trend -a deyib. - "Lakin Fələstin rəhbərliyi danışıqlara təkid edən ABŞ-dan asılıdır, buna görə də Vaşinqton fələstinlilərdən danışıqlar aparmağı tələb edəcəyi zaman fələstinlilər qəfil yaxalanmış olacaqlar".
Braunun fikrincə, hələlik fələstinlilər ABŞ-ın İsrailə təzyiq etməyi öz üzərinə götürməsini nəzərə alaraq, "əllərini sallayıb otura bilərlər".
Beynəlxalq siyasət üzrə britaniyalı professor Nikola Prat da hesab edir ki, İsraillə aparılan danışıqlarda hər bir uğursuzluq Mahmud Abbas administrasiyası üçün fələstinlilərin inamının itirilməsi deməkdir.
"Fələstin xalqının FƏTH-ə etibarı İsraillə danışıqlar aparılmasının mümkünlüyündən asılıdır", - Uorvik Univeristetinin Yaxın Şərq siyasəti üzrə direktoru Prat Trend -a bildirib.
Hələlik Mahmud Abbas administrasiyası qəsəbələrin inşasının tamamilə dayandırılmasında təkid edir. Fələstinin müqavimət partiyalarının liderləri Dəməşqdə keçirilmiş görüşdə fələstinliləri Qərb Sahilində müsəlmanların müqəddəs yerlərini "yəhudiləşdirilmək"dən müdafiə etməyə çağırdı. Bu isə kütləvi iğtişaş dalğasına, Fələstin və İsrail ordusu arasında amansız toqquşmaya səbəb oldu. Yeni qəsəbələrin inşası ilə yanaşı, narazılığa səbəb İslamda üçüncü müqəddəs yer hesab olunan "əl-Əqsa" məscidi yanında təmirdən sonra orta əsrlərə aid sinaqoqun açılması oldu.
Hərbiləşdirilmiş qrupların başçıları sülh müqaviləsinin imzalanacağı təqdirdə, ərəb-yəhudi münasibətlərinin normalaşdırılmasını dəstəkləyən ərəblərin sülh təşəbbüsündən imtina etmələri çağırışı ilə müraciət edib.
"Hazırkı mərhələdə danışıqların keçirilməsində xeyir onların konkret nəticə verəcəyi halda mümkün ola bilər. Bu isə sülh müqaviləsinin imzalanması üçün addım deməkdir", - İsrail siyasəti üzrə ekspert Yossi Mekelberq belə hesab edir.
"Danışıqlar ancaq danışıq keçirmək naminə aparılarsa, o zaman danışıqlara başlamamaq daha yaxşıdır", - Britaniya Krallığının Beynəlxalq Araşdırmalar İnstitutu Chatham House-un elmi əməkdaşı Mekelberg Trend -a bildirib.
"Əbu Mazenin mövqeyi öz liderliyini nümayiş etdirmək, eyni zamanda, amerikalılara İsrail ilə danışıqlara razılıq verməkdən ibarətdir. Lakin indiyə kimi İsrail qəsəbələri inşa etdirməyi davam etdirir və irəliləyişin əldə olunması hələ də təxirə salınır", - Mekelberq deyib.
Mekelberqin fikrincə, qəsəbələrin inşası hazırda sülh prosesində əsas maneələrindən biridir.
"Bir tərəfdən qəsəbələr şübhəsiz ki, fələstinlilərlə sülh müqaviləsinin əldə olunması imkanlarına mane olur, digər tərəfdən isə İsrail fələstinlilərlə razılaşmanın əldə olunmamasını nəzərə alaraq, qəsəbələrin inşasını davam etdirir", - ekspert hesab edir.
Analitik Məhəmməd Yəği yəhudi dövlətinin fəaliyyətinə şərh verərək bildirib ki, İsrail Vaşinqtona dəqiq siqnal verib. Belə ki, qəsəbələrin inşası və Qüds daxili siyasətin bir hissəsidir. Beləliklə, ABŞ əlavə suallar verməməlidir.
Onun fikrincə, Corc Mitçelin İsraili inandırmağa çalışmaq cəhdlərinin uğursuzluğunu nəzərə alaraq, Vaşinqton İsrail siyasətini qismən qəbul edib.
Müşahidəçilər hesab edir ki, hələlik Vaşinqton sülh prosesinə dair gələcək addımları üzərində baş sındırdığı zaman İsrail öz mövqeyini gücləndirməkdə və öz maraqlarının qorumaqda davam edəcək.
"ABŞ-ın yekun sülh müqaviləsi üzərində işlədiyinə əmin olan İsrail fəslətinlilərilə yekun sülh müqaviləsi üzrə danışıqlarda öz mövqeyini gücləndirməyə yardım edəcək faktlar yaratmağa çalışır", - Prat belə hesab edir.
Fələstin-İsrail münasibətlərində gərginlik və İsrailin qəsəbə fəaliyyətini dayandırmaqdan imtina etməsi Yaxın Şərq "dördlüyü"nün (BMT, ABŞ, Aİ və RF) Moskvada martın 19-da keçiriləcək görüşündə müzakirə olunacaq.