...

Əgər türk vətəndaşları həbsxanadan azad olunmasa, Türkiyə İsraillə münasibətlərinə yenidən baxacaq – XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 2 İyun 2010 16:26 (UTC +04:00)
Əgər İsrail axşamadək Türkiyə vətəndaşlarını həbsxanadan azad etməsə, Ankara bu ölkə ilə öz münasibətlərinə yenidən baxacaq.
Əgər türk vətəndaşları həbsxanadan azad olunmasa, Türkiyə İsraillə münasibətlərinə yenidən baxacaq – XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

RED. əlav.: üçüncü abzasdan sonra əlavə olunub

Əgər İsrail axşamadək Türkiyə vətəndaşlarını həbsxanadan azad etməsə, Ankara bu ölkə ilə öz münasibətlərinə yenidən baxacaq. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankaradakı brifinqdə deyib. Məlumatı CNN Turk telekanalı yayıb.

Türkiyənin xarici işlər naziri onu da bildirib ki, İsrail Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması" beynəlxalq karvanının bu ölkənin Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilməsi nəticəsində həlak olanların ailələrinə təzminat ödəməyə borcludur.

Davudoğlu İsraili donanmanın göyərtəsində olan beynəlxalq könüllüləri oğurlamaqda və beynəlxalq hüququ kobud şəkildə pozmaqda ittiham edib. Çünki İsrail xüsusitəyinatlıları Aralıq dənizinin neytral sularında fəaliyyət göstərib.

XİN rəhbəri bəyan edib ki, ölkədə qeydiyyata alınmış İsrail diplomatlarının və onların ailələrinin təhlükəsizliyi lazımi şəkildə təmin olunacaq.

Türkiyədə qeydiyyata alınmış İsrail diplomatları Qüdsdən içərisində hüquq müdafiəçilərinin olduqları gəmi karvanının ələ keçirilməsinə görə ikitərəfli münasibətlərin kəskin pisləşməsi fonunda öz ailələrini vətənə yola salmaq barədə göstəriş alıblar.

"Diplomatların və onların ailə üzvlərinin təhlükəsizliyinin təminatı dövlətin şərəf məsələsi və bizim borcumuzdur. İsrailli diplomatlar narahat olmamalıdırlar", - türk diplomatiyasının rəhbəri jurnalistlərə deyib. Bu barədə RİA Novosti məlumat verib.

Davudoğlu onu da deyib ki, israilli turistlərin də şəxsi təhlükəsizliyi ilə bağlı narahatlığa ehtiyac yoxdur.

Bir az əvvəl İsrail hakimiyyəti öz həmvətənlərinə müraciət edərək onları altı gəmidən ibarət "Azadlıq donanması" humanitar dəniz karvanının ələ keçirilməsinə qarşı etiraz aksiyalarının üç gündən bəri davam etdiyi Türkiyəyə səfərlərdən çəkinməyə çağırmışdı.

"İsrailli turistlər bizim qonaqlarımızdır və biz onları gözləyirik", - XİN rəhbəri deyib.

Xəbər lenti

Xəbər lenti