RED. əlavəsi: mənbə dəyişib (birinci abzas), başlıq dəyişib, reysdə xəsarət alanlar haqqında məlumat dəqiqləşdirilir
Çərşənbə günü səhər İslamabad yaxınlığında qəzaya uğrayan Pakistanın özəl aviaşirkəti "Airblue"nun təyyarəsi Türkiyənin Trabzon şəhərinin hava limanında yanacaq doldurmaq üçün texniki eniş edib. Bu barədə "Cihan" agentliyi xəbər yayıb.
Türkiyə Mülki Aeroportlar İdarəsinin nümayəndəsi Orxan Birdəlin sözlərinə görə, göyərtəsində, ekipaj da daxil olmaqla, 150-dən çox sərnişinin yerləşdiyi, Pakistan aviaşirkətinin Mançestrdən Kəraçiyə gedən təyyarəsi Türkiyə vaxtı ilə saat 04:50-də Trabzon aeroportuna enib və yanacaq doldurub. Bundan 1 saat sonra Kəraçi istiqamətində uçub.
Hələlik səkkiz nəfərin sağ qaldığı barədə məlumat verilir, lakin onların sayı arta bilər. Bu barədə "RİA-Novosti" Pakistan televiziyasına istinadən yazır.
"Hadisə yerinə gələn xilasedicilər dörd nəfər xəsarət alanı vertolyotda təxliyyə ediblər, daha dörd sərnişin xəstəxanaya göndərilməsini gözləyir", - agentlik yazır.
Pakistanın özəl aviaşirkəti "Airblue"nun təyyarəsi ölkənin cənubunda Kəraçidən paytaxt İslamabada reysi yerinə yetirib. Orada hazırda dumandır və yağış yağır. İlkin məlumatlara görə, aeroportun həddən artıq yüklənməsinə görə, dispetçerlər təyyarələrdən göydə daha bir dövrə vurmalarını xahiş ediblər və bir azdan təyyarə paytaxtın şimalında dərə-təpəlik yerə düşüb. Müxtəlif məlumatlara görə, təyyarənin göyərtəsində 146 nəfərdən 153 nəfərədək sərnişin və daha altı ekipaj üzvü olub.
Qəza yerində xilasetmə işləri davam edir, lakin yağan leysan yağışa görə çətinliklər var.
"Airblue" aviaşirkəti 2004-cü ildə yaradılıb. Onun parkını "Аirbus A320" və "Airbus A321" təyyarələri təşkil edir. Şirkət Pakistanın böyük şəhərlərinə, həmçinin, Mançestr (Böyük Britaniya), Musqat (Oman) və Birləşmiş Ərəb Əmirliklərinin bəzi şəhərlərinə reyslər yerinə yetirir.