...

Müxalifət tərəfdarları Bişkekdə toplaşırlar; hakimiyyət silahlı təxribatların olacağını istisna etmir

Dünya xəbərləri Materials 5 Avqust 2010 12:12 (UTC +04:00)
Qırğızıstanda prezidentliyə keçmiş namizəd Urmat Barıktobasovun tərəfdarları cümə axşamı müxalifətin qurultayına toplaşacaqlar, hakimiyyət silahlı təxribatların baş verəcəyini istisna etmir.
Müxalifət tərəfdarları Bişkekdə toplaşırlar; hakimiyyət silahlı təxribatların olacağını istisna etmir

Qırğızıstanda prezidentliyə keçmiş namizəd Urmat Barıktobasovun tərəfdarları cümə axşamı müxalifətin qurultayına toplaşacaqlar, hakimiyyət silahlı təxribatların baş verəcəyini istisna etmir. Bu barədə "RİA-Novosti" yazır.

Qırğızıstan Müvəqqəti Hökumətinin məlumat-əlaqələndirmə mərkəzinin rəhbəri Fərid Niyazovun jurnalistlərə verdiyi məlumata görə, Barıktobasovun silahlı tərəfdarlarından ibarət dəstə paytaxta yola düşüb.

"Operativ məlumatlara görə, onlarda silah var ", - Niyazov deyib. O bildirib ki, çərşənbə günü respublikanın hüquq-mühafizə orqanlarının əməkdaşları barədə cinayət işi qaldıran Barıktobasovu həbs etməyə cəhd göstəriblər. Lakin onun tərəfdarları milis işçilərini tərk-silah ediblər.

"Dünən milis əməkdaşlarından üç ədəd odlu silah götürülüb. Silahları alan şəxslərin avtomatları olub. Hazırda silahlar cinayətkarlardadır. Bununla əlaqədar Bişkekə gələn bütün nəqliyyatda axtarışlar üzrə tədbirlər görülür", - Niyazov bildirib.

Onun sözlərinə görə, Bişkekdə təhlükəsizlik tədbirləri gücləndirilib. Niyazov qeyd edib ki, respublika hakimiyyəti paytaxtda qurultay dinc və qanunvericilik çərçivəsində keçiriləcəyi halda, onun keçirilməsinə mane olmaq niyyətində deyil.

Hökumət nümayəndəsi xüsusi xidmət orqanlarının operativ məlumatlarına istinadən bildirib ki, bir az əvvəl Bişkekə gələn Barıktobasovun tərəfdarları "aqressiv əhval-ruhiyyədədirlər".

Eyni zamanda, Niyazov əlavə edib ki, "Qırğızıstanın güc strukturlarının nümayəndələri ""barıktobasovçular"da silahın az olduğunu güman edərək, qarşıdakı aksiya ilə bağlı ciddi narahatlıq keçirmirlər".

"RİA-Novosti" agentliyinin sualını cavablandıran Niyazov deyib ki, Qırğızıstan Baş Prokurorluğu Qazaxıstan Baş Prokurorluğundan Barıktobasova qarşı cinayət işinin qaldırılması ilə əlaqədar onun bu ölkəyə təhvil verilməsi xahişi ilə müraciət edib. Niyazov Barıktobasovun ikili vətəndaşlığa - Qazaxıstan və Qırğızıstan vətəndaşlığına malik olduğunu izah edib.

Biznesmen Urman Barıktobasov 2005-ci ildə Qırğızıstandakı "lalə" inqilabından və eks-prezident Əsgər Akayevin ölkədən qaçmasından sonra, prezident seçkilərində iştirak etmək niyyətini bəyan edərək, qalib gəlmiş müxalifət lideri Kurmanbek Bakiyevə alternativ təşkil edib. Lakin ölkənin Mərkəzi Seçki Komissiyası ikili vətəndaşlığa malik olduğuna görə, Barıktobasovu seçkiqabağı kampaniyadan kənarlaşdırıb. Bundan sonra onun tərəfdarları respublika hökumətinin binasını ələ keçirərək, onu bir neçə saat əllərində saxlayıblar.

Faktla bağlı cinayət işi qaldırılıb, Barıktobasov hakimiyyəti zorla ələ keçirmək cəhdində günahlandırılıb və barəsində axtarış elan edilib. Qırğız KİV xəbər verir ki, bu illər ərzində o, biznesə malik olduğu ərəb ölkələrində gizlənib. Bu ilin aprel ayında Kurmanbek Bakiyevin devrilməsindən sonra, Barıktabasov Qırğızıstana qayıdıb və barəsində cinayət işinə xitam verilməsini tələb edib.

"RİA-Novosti" müxbirinin verdiyi məlumata görə, hazırda qurultay təşkilatçılarının elan etdikləri toplanış yerinə, təxminən, 300 adam toplaşıb və adamlar gəlməkdə davam edir. Bişkekdəki, hazırda respublika hökumətinin yerləşdiyi Parlament binası qarşısındakı meydana da adamlar toplaşırlar.

Xəbər lenti

Xəbər lenti