...

İranda prezident seçkilərindəki namizədlər kimlərdir?

Dünya xəbərləri Materials 14 Mart 2013 12:42 (UTC +04:00)
İranda prezident seçkilərinin keçirilməsinə 3 aya yaxın vaxt qalır. 2013-cü ilin iyun ayında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün siyasi şəxslər, partiyalar və düşərgələrdən nümayəndələr namizədliklərini irəli sürmək üçün yarışa çıxıblar və demək olar ki, hər gün bir nəfər öz namizədliyini irəli sürür.
İranda prezident seçkilərindəki namizədlər kimlərdir?

Azərbaycan, Bakı, 14 mart /Trend/

Təmkin Cəfərov, Trend-in icmalçısı

İranda prezident seçkilərinin keçirilməsinə 3 aya yaxın vaxt qalır. 2013-cü ilin iyun ayında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün siyasi şəxslər, partiyalar və düşərgələrdən nümayəndələr namizədliklərini irəli sürmək üçün yarışa çıxıblar və demək olar ki, hər gün bir nəfər öz namizədliyini irəli sürür.

Hələ 2012-ci ilin dekabr ayında Üsulgəralar (Mühafizəkarlar) düşərgəsinin üç tanınmış siması (İran parlamentinin sabiq spikeri Qulaməli Həddad Adil, ölkənin ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və İran polisinin sabiq komandanı və hazırda Tehran şəhərinin meri olan Məhəmməd Baqir Qalibaf) gələcək prezident seçkilərində iştirak etmək üçün koalisiya təsis etmək barədə razılığa gəldilər. "2+1" və ya "üçlük" kimi tanınan bu koalisiyanın təsisçiləri əhali arasında keçiriləcək sorğuların nəticələrindən asılı olaraq, öz aralarından və ya təmsil etdikləri düşərgədən başqa bir nəfərin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər.

Üsulgəralar düşərgəsindən olan və dəyişikliklər tərəfdarı kimi tanınan "İslam İnqilabının Davamçıları Cəmiyyəti" (Cəmiyyət-e Rahpuyan) tərəfindən gələcək prezident seçkilərinə namizəd qismində hazırda parlament nümayəndəsi olan Əlirza Zakanin namizədliyinin irəli sürüləcəyi gözlənilir. Zakani Üsulgəralar düşərgəsindən bir neçə şəxsin namizədliyinin bu düşərgə üçün təhlükə yaratmadığı halda mümkünlüyünü, lakin belə bir təhlükəinin gözlənildiyi halda vahid namizədi dəstəkləməyin zəruriliyini vurğulayıb.

İranda 14 siyasi partiyanı özündə cəmləşdirən İmam və Ali Rəhbərin Yolunun Davamçıları Cəbhəsinin dəstəyi ilə öz namizədliyini irəli sürmüş Əhmədinejad hökumətinin sabiq xarici işlər naziri Mənuçöhr Müttəkini də potensial namizədlər arasında görmək olar.

Müttəki namizədliyini irəli sürmək üçün bir il araşdırma apardığını və sonra qərar qəbul etdiyini deyib. O, çıxışları zamanı Əhmədinejad hökumətinin müxətlif sahələrdə yürütdüyü siyasəti tənqid edib.

İmam və Ali Rəhbərin Yolunun Davamçıları Cəbhəsi Müttəkidən başqa, İran parlamentinin vitse-spikeri Məhəmmədrza Bahünər və İranın Ticarət Palatasının rəisi Yəhya Ali İshaqın namizədliyini də dəstəkləyib.

Namizədliyini irəli sürmüş şəxslər arasında İran İnqilab Keşikçiləri Korpusunun sabiq komandanı və Məsləhət Şurasının katibi Möhsin Rzayi də var. Rzayi namizədliyini irəli sürməklə yanaşı, artıq həm də ölkənin əyalətlərində seçki marafonuna başlayıb. Rzayi indiyədək iki dəfə prezident seçkilərində öz namizədliyini irəli sürüb. O, "Sədaqətin qüdrət və sərvətə qələbəsi" şüarı ilə öz təbliğatını aparır. O, ölkədəki işsizlik və bahalıq kimi problemləri elmi əsaslara uyğun olaraq həll edəcəyini deyib.

Hakim Üsulgəralar düşərgəsindən İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin prezidentliyi dövründə ölkənin təhlükəsizlik naziri olmuş Əli Fəllahiyan da öz namizədliyini irəli sürərək potensial namizədlər sırasına daxil olub.

İranın sabiq prezidentləri Məhəmməd Xatəmi, Əli Əkbər Haşimi Rəfsəncani və Əhmədinejadın prezidentliyi dövründə kabinetdə nazir kimi təmsil olunan Məhəmməd Səidikiya bu dəfə özünü prezident kimi sınamaq qərarına gəlib və öz namizədliyini irəli sürüb.

İranın Məsləhət Şurasının strateji araşdırmlar mərkəzinin sədri və İranın Ali Milli Təhlükəsizlik Şurasının sabiq baş katibi Həsən Ruhani də namizədliyini irəli sürənlərdən biridir. Ruhani İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaniyə yaxın şəxslərdəndir.

2011-ci ildə Əhmədinejad hökumətini tənqid edən bir qrup siyasətçilər tərəfindən təsis olunmuş və Üsulgəralar düşərgəsinin bir qanadı hesab olunan İslam İnqilabı Sabitlik Cəbhəsi də üç siyasi şəxsdən birinin namizədliyini irəli sürmək niyyətindədir. Cəbhənin ən çox dəstəklədiyi potensial namizədlər İranın Ali Milli Təhlükəsizlik Şurasının hazırkı baş katibi Səid Cəlili, sabiq energetika naziri Pərviz Fəttah və sabiq səhiyyə naziri Kamran Baqiri Lənkəranidir.

Üsulgəralar düşərgəsindən seçki marafonuna qoşulan şəxsiyyətlərdən biri də ölkənin Baş Müfəttişlik Təşkilatının rəisi Mustafa Purməhəmmədidir.

Üsulgəralar düşərgəsinin əsas rəqiblərindən olan müxalifətçi İslahatçılar düşərgəsindən də seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlayan bir neçə nəfərin adı məlum olub. Belə ki, müxaliflərin lideri sabiq Prezident Məhəmməd Xatəminin birinci müavini olmuş Məhəmmədrza Arif öz namizədliyini irəli sürəcəyini açıqlayıb. Artıq Arifin seçki təbliğat və təşviqat qərargahları fəaliyyətə başlayıb. Arif deyib ki, əgər Məhəmməd Xatəmi namizədliyini irəli sürərsə, o, öz namizədliyini onun xeyrinə geri götürəcək.

İslahatçılardan seçki marafonuna qoşulan şəxslərdən biri də sabiq prezident Məhəmməd Xatəminin dövründə ticarət naziri işləmiş Məhəmməd Şəriətmədaridir. Şəriətmədari də Xatəmi və ya Haşimi Rəfsəncani namizədliklərini irəli sürərlərsə, onlara dəstək olmaq məqsədilə namizədliyini geri götürə biləcəyini açıqlayıb.

İranın Demokrat Partiyasının baş katibi və parlament nümayəndəsi Mustafa Kavakibian da namizədliyini irəli sürüb.

İran KİV-də prezident Mahmud Əhmədinejadın dəstəklədiyi namizəd kimi onun qudası və müşaviri olan İsfəndiyar Rəhim Məşayinin adı hallanır. KİV-in məlumatına görə, hakim Üsulgəralar düşərgəsində düşünürlər ki, Əhmədinejad öz planlarını həyata keçirmək üçün özünə yaxın şəxslərdən birinin namizədliyini dəstəkləyəcək. Rəhim Məşayi ilə yanaşı, dövlət sözçüsü Qulamhüseyn İlham, xarici işlər naziri Əli Əkbər Salehi, yol və şəhərsalma naziri Əli Nikzadın da adları Əhmədinejadın dəstəkləyəcəyi potensial namizədlər sırasında hallanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti