...

BMT-nin baş katibi dünyaya müraciət etdi

Dünya xəbərləri Materials 2 Aprel 2013 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Autizm Günü münasibəti ilə müraciət ünvanlayıb.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən Trend-ə verilən məlumata görə, BMT-nin baş katibi müraciətində qeyd edir ki, Ümumdünya Autizm Günü dünyada milyonlarla insana zərər vurmuş autizm və bu kimi digər inkişaf pozuntularına münasibətdə beynəlxalq ictimaiyyətin diqqətini artıra bilib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının cari sessiyası bu məsələ ilə bağlı yeni qətnamə qəbul etməklə zərər çəkmiş şəxslərə və ailələrə kömək etməkdə öhdəlik nümayiş etdirdi. Qətnamə üzv dövlətləri və digərlərini tədqiqatlarını gücləndirməyə və onların səhiyyə, təhsil, əmək məşğuliyyəti sahələrində xidmətlərini genişləndirməyə çağırır.

Baş katib bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının İdarə Heyəti autizm spektr pozuntularını qarşıdakı may sessiyasında müzakirə edəcək.

"Beynəlxalq ictimaiyyətin diqqəti stiqma, məlumat çatışmazlığı və qeyri-qənaətbəxş dəstək strukturu kimi problemlərin aradan qaldırılması üçün əsasdır. Cari tədqiqat erkən müdaxilənin autizm əlamətləri olan insanlara qabiliyyətlərini artırmaqda çox kömək edə biləcəyini göstərir. İndi daha inkluziv cəmiyyətin yaradılması üçün səy göstərmək, zərər çəkmiş insanların istedadlarını aşkarlamaq və onlara potensiallarından düzgün istifadə etmək üçün imkanlar yaratmaq vaxtıdır," BMT-nin baş katibi vurğulayıb.

Sentyabrın 23-də Baş Assambleyanın autizm spektr pozuntularından əziyyət çəkənlər də daxil olmaqla bir milyarddan çox əlilin vəziyyətini müzakirə etmək üçün yüksək səviyyəli görüş keçirəcəyini açıqlayan Ban Ki Mun liderlərin bu insanlara və ümumilikdə bəşəriyyətə yardım etmək üçün bu imkandan istifadə edəcəklərinə ümidvar olduğunu qeyd edib.

"Gəlin autizm spektr pozuntularından əziyyət çəkən insanlarla əl-ələ işləməyə, onlara güclü tərəflərini inkişaf etdirməyə və eyni zamanda onların qarşılaşdıqları çətinliklərin qarşısını almağa davam edək və onlara haqları olan layiqli həyat yaşamalarına yardım edək," - deyə Baş Katib bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti